Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qəbələ Olimpiya İdman Kompleksində “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə Respublika çempionatının final yarışı keçirilmişdir
24 oktyabr 2014-cü il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qəbələ Olimpiya İdman Kompleksində “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə Respublika çempionatının final yarışı keçirilmişdir.Yarışın keçirilməsində məqsəd yeniyetmə və gəncləri vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, onlarda vətənpərvərlik hissini artırmaq, çağırış və çağırış yaşına qədərki gənclər arasında hərbi hazırlıq işlərinin gücləndirilməsi, idmançılarda yarış təcrübəsinin və ustalığın artırılmasından ibarətdir. Tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov çıxış edərək yarışın məqsədi və vəzifələri barədə məlumat vermiş və idmançılara uğurlar arzulamışdır. Beynəlxalq Poliatlon Çoxnövçülüyü Assosiasiyasının qaydalarına əsasən 100 metr məsafəyə qaçış, turnikdə dartınma, qumbara atma və 2000 metr kross qaçışı üzrə keçirilən yarışlarda respublikanın 14 komandası iştirak etmişdir.
Yarışın nəticəsinə əsasən rayon komandaları arasında qalibiyyət uğrunda gərgin gedən mübarizədə Qax rayonu I, İsmayıllı rayonu II, Biləsuvar rayonu III yeri tutmuşlar. İdmançımız Süleymanlı Fərid qumbara atma mərhələsində 56 m məsafə ilə ən yaxşı nəticə göstərərək bu mərhələnin qalibi olmuşdur. İdmançımız kubok və diplomla təltif edilmişdir.
Qalib gələn komandalara Gənclər və İdman Nazirliyinin kubok və diplomları təqdim edilmişdir.