İsmayıllıda Dövlət Bayrağı günü yüksək səviyyədə bayram edilir
Bayraq meydanının da qovuşduğu Mərkəzi Meydan 9:30-dan Dövlət Bayrağı gününü qeyd etməyə hazır idi. Mərkəzi Meydan ümummilli lider Heydər Əliyevin bayrağımız, digər dövlət simvollarımız barədə dediyi dahiyanə fikirləri əks etdirən lövhələrlə, bayraqlarla, bu günə aid yaradıcılıq nümunələri ilə bəzədilmişdi. Təntənəli bayram tədbiri bir qrup gəncin Bakı şəhərinə-Dövlət Bayrağı Meydanına rayon rəhbərliyi tərəfindən yola salınması ilə başlandı.
Növbəti tədbir Rayon Gənclər və İdman idarəsinin, Rayon Atletika Federasiyasının birgə təşkil etdiyi kütləvi kross yarışının finişi oldu. Qaliblər müəyyənləşdirildi və mükafatlandırıldı.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Vidadi Zərbiyevin rəhbərliyi ilə böyük bayraq 18 nəfər hərbi geyimli gəncin əlində meydana gətirildi. Yeddi istiqamətdən Dövlət Bayrağına tərəf düzlənən İsmayıllı sakinləri eyni vaxtda meydana daxil oldular. Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu. Üçrəngli bayrağı ilk olaraq Dövlət Bayrağı kimi qəbul edən ulu öndərə bayram iştirakçıları dərin ehtiramlarını bildirdilər. Şəhər 1 saylı tam orta məktəbin xor kollektivinin ifasında Dövlət Himni səsləndi.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək Dövlət Bayrağımızın tarixindən, onun bu günümüzə qədər gəldiyi yoldan, Prezident İlham Əliyevin ölkəmizi sosial-iqtisadi ucalığa çatdırmaqla bayrağımızı daha ucalara qaldırmağından, Azərbaycanın sürətli inkişafından, Dövlət başçısının qayğısı ilə İsmayıllının yüksəlişindən danışdı. Bu günümüzə sevinərək bayrama gələnləri təbrik etdi.
Tədbirin bədii hissəsi aparıcıların çıxışından başlanğıcını götürdü. Bayrağa, dövlətə, orduya, ümummilli lider Heydər Əliyevə, Prezident İlham Əliyevə həsr olunmuş şerlər deyildi, mahnılar oxundu, marşlar, şüarlar səsləndi. Hərbi geyimli 300-ə qədər yuxarı sinif şagirdi yiyələndikləri hərbi bacarıq və vərdişlərini nümayiş etdirdilər. Gənc rəssamlar dövlət simvollarının üzərində işlədilər, yaradıcılıq imkanlarını toplaşanlara göstərdilər.
Şəhər 3 saylı tam orta məktəbin şagirdləri Dövlət Bayrağını simvolizə edən flaş-mob nümayiş etdirdilər.
Əsil ümumxalq bayramı səviyyəsində qeyd olunan Dövlət Bayrağı günü bir daha göstərdi ki, İsmayıllı cənab Prezident İlham Əliyevin 22 sentyabr 2014-cü il tarixdə rayona səfəri zamanı qarşıya qoyduğu vəzifələrin icrası üçün tam səfərbərdir.