“Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsində Azərbaycan Konstitusiyası günü qeyd edildi.
“Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələləri ardıcıl olaraq Heydər Əliyev Mərkəzinin konfrans zalında keçirilir. Noyabr ayının 12-də Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 19 illiyinə həsr olunmuş tədbir də idarəetmə məktəbinin növbəti məşğələsi çərçivəsində təntənə ilə burada qeyd olundu. Konstitusiyamızın baş memarı və yaradıcısı Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilən tədbirdə konstitusiya barədə məruzəni rayon məhkəməsinin hakimi Azad Əliyev etdi. Rayon prokurorluğunun müstəntiqi İlkin Mustafayev, şəhər 6 saylı tam orta məktəbin müəllimi Ülkər Süleymanova və İsmayıllı Humanitar və Texnologiya Kollecinin tarix müəllimi Pərviz Məhərrəmov Konstitusiyamıza müxtəlif aspektlərdən yanaşmaqla təhlili çıxış etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yekunda söylədiyi nitqdə dedi:- Azərbaycan həyatının elə bir istiqaməti, elə bir sahəsi yoxdur ki, onun inkişafı, yeniləşməsi, müasirləşməsi, milli maraqlar üzərində qurulması ümummilli liderimiz Heydər Əliyevin şərəfli adı ilə bağlı olmasın. 19 illiyini qeyd etməyə toplaşdığımız Azərbaycan Respublikası Konstitusiyasının qəbulu da ulu öndərin xilaskarlıq missiyasının sona qədər yerinə yetirilməsinin təzahürüdür.Konstitusiya Azərbaycanda hüquqi dövlət yaradılmasının əsasadır. Dövlət müstəqilliyinin əbədiləşməsində hüquqi baza olan Azərbaycan Konstitusiyası Heydər Əliyevin dərin idrakının, qlobal düşüncəsinin, mənsub olduğu xalqın taleyi üçün özünü məsul bilməsinin, haqqa, ədalətə doğru inamlı, iradəli gedişinin nəticəsidir. Ümummilli liderimiz Heydər Əliyev 1995-ci ilin noyabr ayının 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyanın memarı və yaradıcısıdır. Bu gün ölkədə qazanılan nailiyyətlər, Azərbaycanın Beynəlxalq miqyasda söz sahibinə çevrilməsi məhz Prezidentimiz İlham Əliyevin Heydər Əliyev Konstitusiyasına əsaslanmasının nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsmayıllıya son iki səfəri zamanı görülən işlərdən razı qalması onun göstəricisidir ki, rayonda bütün fəaliyyət sahələrinə Konstitusiyaya uyğun rəhbərlik edilir, insan hüquqları ən yüksək səviyyədə qorunur, əmək hüququnun həyata keçirilməsi üçün şərait yaradılır, sakinlərin zəngin həyata qovuşması üçün bütün imkan olan tədbirlər icra olunur.