İsmayıllı məktəbliləri Heydər Əliyev irsini dərindən öyrənirlər
İsmayıllı rayonunun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün ümummilli lider Heydər Əliyevin irsinin daha dərindən öyrənilməsi məqsədilə keçilən açıq dərslər davam edir.
AzərTAc xəbər verir ki, əvvəlcədən tərtib olunan qrafikə əsasən, noyabrın 28-də İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən növbəti dərsdə Lahıc qəsəbə, Müdrü, Ruşan, Zərnava və Vəng kənd tam orta məktəblərindən ümumilikdə, 50 nəfər XI sinif şagirdi iştirak edib.
İsmayıllı şəhər 7 nömrəli tam orta məktəbinin təcrübəli tarix müəllimi Qumru Abdullayeva dərs prosesində ulu öndər Heydər Əliyevin öz xalqı qarşısındakı misilsiz xidmətləri, xüsusilə Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu sahəsindəki gərgin fəaliyyəti barədə şagirdlərə geniş məlumat verib. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycandakı mövcud durum barədə məlumat verilərək bildirilib ki, o zaman xarici havadarların köməyi ilə Ermənistan Azərbaycan torpaqlarını işğal edərək etnik təmizləmə aparır, soyqırımı həyata keçirirdi. Ölkədə hakimiyyətsizlik hökm sürür, insanlar qorxu içində yaşayırdı. İqtisadiyyat tamamilə dağılmışdı. Belə bir vəziyyətdə xalqın təkidi ilə yenidən hakimiyyətə gələn böyük öndər Heydər Əliyev Azərbaycanı xilas etdi. Dahi rəhbər atəşkəsə nail oldu, sabitliyi bərpa etdi, ölkə inkişaf yoluna qədəm qoydu. Məhz Ümummilli Liderimizin işləyib hazırladığı sosial-iqtisadi strategiya sayəsində bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun ən qüdrətli dövlətinə çevrilib.
Tədris prosesində şagirdləri maraqlandıran suallar da ətraflı cavablandırılıb.
Sonda Heydər Əliyev Mərkəzində məktəblilərə Ulu Öndərin irsi ilə bağlı sənədlər barədə də geniş məlumatlar verilib.
http://azertag.az/xeber/814102