İsmayıllıda “Açıq qapı günü”- vətəndaş forumu
Dövlət Sosial Müdafiə Fondu (DSMF) növbəti “Açıq qapı günü”-vətəndaş forumunu noyabrın 28-də İsmayıllı rayonunda keçirib.
“Fərdi uçot sistemində fəal iştirakınız etibarlı pensiya təminatınızdır” mövzusunda regional tədbirdə İsmayıllı, Şamaxı, Qobustan, Göyçay, Ağsu, Kürdəmir və Qəbələ rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər.
Fonddan AzərTAc-a bildiriblər ki, tədbirdə çıxış edən DSMF-nin şöbə müdiri Famil Qədimov bu qurum tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayının daim genişləndirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, “Elektron hökumət” portalının statistikasına əsasən, DSMF-nin elektron xidmətləri ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur. Ötən dövr ərzində bütün zəruri işlər görülərək, məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması tam başa çatdırılıb. Bu uğur beynəlxalq təşkilatın reytinq göstəricisində öz əksini tapıb. Belə ki, Dünya Bankının “Doing Business 2015” hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması sahəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir.
Regional forumda qeyd olunub ki, 2014-cü il noyabrın 1-nə olan statistikaya əsasən, DSMF tərəfindən əlavə olaraq 220 min 585 sığortaolunana fərdi şəxsi hesab açılıb. İlin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 8,2 faiz artıb. Bununla da Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 milyon 912 minə yüksəlib.
Tədbirdə məlumat verilib ki, hazırda respublikamızda əmək pensiyaları ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən təyin olunur. Bu isə pensiya məbləğini sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılı edir. Bununla bağlı işləyənlər (sığortaolunan) işəğötürənlərlə (sığortaedən) əmək müqavilələrinin bağlanılmasında, əmək haqlarının tam rəsmiləşdirilməsində və sosial sığorta haqlarının vaxtında ödənilməsində son dərəcə diqqətli olmalıdırlar. Sosial sığorta haqlarının alınan əmək haqlarına uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada, tam məbləğdə düzgün hesablanıb ödənilməsi işləyənlərin gələcək pensiya təminatı üçün mühüm əhəmiyyət kəsb edir. Sığortaedənlər tərəfindən ödənilən sosial sığorta haqlarının hər bir şəxs üçün açılmış fərdi hesabda fərdi uçotu aparılır və təyin olunan pensiyalar bu uçot məlumatları əsasında reallaşdırılır.
Təqdimatla çıxış edən DSMF-nin şöbə müdirinin müavini Rüfət Oruclu diqqətə çatdırıb ki, bu qurumun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə istənilən vətəndaş daxil olaraq pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilər. Bundan əlavə, pensiya yaşına çatmış hər bir vətəndaşa hər hansı sənəd toplamadan və vaxt itirmədən fondun 190 çağrı mərkəzinə zəng vurub, yalnız şəxsiyyət vəsiqəsinin nömrəsi barədə məlumat verməklə, real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanı yaradılıb. “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” elektron xidməti sığortaedənlər, o cümlədən işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini xeyli asanlaşdırmaqla yanaşı, bu sahədə şəffaflığın daha da artırılmasına xidmət edir. Hesabatların elektron qaydada təqdim edilməsini nəzərdə tutan “Elektron hesabat” xidməti isə DSMF-nin sığortaedənlər tərəfindən ən fəal istifadə olunan elektron xidmət növlərindən biridir. Hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış “Yardım masaları”nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanına malikdirlər.
Tədbirdə ölkədə pensiya ödənişlərinin 99,9 faizinin plastik kartlarla aparılması, bu məqsədlə ölkə ərazisində bilavasitə pensiyaçılara xidmət etmək məqsədilə 800-ə yaxın yeni bankomatın qurulması, pensiyaçılar üçün bir aylıq pensiya məbləğində hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı yaradan “Pensiya+”xidməti, habelə Fondun əhaliyə və sığortaedənlərə təqdim etdiyi çoxsaylı elektron xidmətlər barədə də iştirakçılara ətraflı məlumat verilib.
Diskussiya şəraitində davam etdirilən regional vətəndaş forumunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, təklifləri müzakirə edilib.
http://azertag.az/xeber/814026