Ümummilli lider Heydər Əliyevin Azərbaycanda təhsilin, mədəniyyətin və idmanın inkişafında xidmətləri əvəzsizdir
İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi məqsədilə açıq dərslər davam edir.
Dekabrın 5-də keçirilən növbəti dərsdə rayonun Qubaxəlilli, Gəraybəyli, Xəlilli kənd tam orta, habelə Pirdinar kəndindəki Laçın tam orta məktəblərinin XI sinif şagirdləri iştirak ediblər.
Şagirdlərin fəallığı şəraitində davam edən dərsdə Aşıqbayram kənd tam orta məktəbinin tarix müəllimi Əziz Ağayev ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycandakı ictimai-siyasi vəziyyəti təhlil edərək Ermənistanın hərbi təcavüzü şəraitində ölkənin dağılmaq təhlükəsi ilə üzləşdiyini diqqətə çatdırıb. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn böyük xilaskar Heydər Əliyev bütün maneələri dəf edərək ölkəni inkişaf yoluna çıxarıb.
Dərs prosesində şagirdlərə, həmçinin Ümummilli Liderin təhsil, mədəniyyət və idmanın inkişafı sahəsindəki böyük xidmətləri barədə də ətraflı məlumat verilib. Məktəblilər Ulu Öndərin təşəbbüsü ilə 1999-cu ildən etibarən təhsil sahəsində islahatların başlanması, Azərbaycan və UNESCO arasında əməkdaşlığın qurulması, “Kitabi Dədə Qorqud” dastanının 1300, Məhəmməd Füzulinin 500 illik yubileylərinin UNESCO səviyyəsində qeyd edilməsi, 2001-ci ilin avqustunda Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis olunması, milli təhsil proqramları və dərsliklərin hazırlanması, tarixi, mədəni irsimizin, o cümlədən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun, Şirvanşahlar sarayının, Möminə xatun türbəsinin bərpasına dövlət qayğısı, idmanın maddi-texniki bazasının yaradılması, Olimpiya mərkəzlərinin təşkilinə başlanılması, idmançıların hazırlanması sahəsində tədbirlərin gücləndirilməsi və s. barədə məlumatları böyük maraqla qarşılayıblar.
Dərsdə, eyni zamanda məktəblilərə Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bugünkü sürətli inkişafı barədə də məlumat verilib. Azərbaycanın hazırda regionun ən qüdrətli dövlətinə çevrildiyi xüsusi vurğulanıb.
Açıq dərs başa çatdıqdan sonra şagirdlər Heydər Əliyev Muzeyi ilə tanış olublar. Burada onlara Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkil və digər sənədlər barədə ətraflı məlumatlar verilib.
http://azertag.az/xeber/815899