Şəhidlərin xatirəsinə həsr olunmuş Cüdo üzrə idman turniri
19 yanvar 2015-ci il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Rayon Gənclər və İdman idarəsi Regional Cüdo Mərkəzi ilə birgə 20 yanvar şəhidlərinin və Rafiq İsmayılovun xatirəsinə həsr olunmuş cüdo üzrə idman turniri keçirmişdir.
Yarışlardan əvvəl şəhidin anası Əsmər İsmayılova çıxış edib Rafiqin xatirəsini əziz tutanlara razılığını bildirmiş, oğlunun həyat yolundan gənclərə nümunə olaraq danışmışdır.
Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov 20 yanvar faciəsinin xalqımıza gətirdiyi mərhumiyyətlərdən, bu qanlı aksiyanın Azərbaycan tarixinin şanlı səhifəyə çevrilməsindən danışmış, idmançılara uğurlar arzulamışdır.
Regional Cüdo mərkəzinin direktor əvəzi, cüdo üzrə baş məşqçi Əkbər Şəfaqətov 20 yanvar və Qarabağ şəhidlərinin xatirələrinin əziz tutulmasından, tanınmış şəhid idmançıların xatirəsinə həsr olunmuş turnirlərdən, idmanın kütləviliyində həmin turnirlərin böyük əhəmiyyət kəsb etməsindən danışmışdır.
70 nəfər idmançının iştirak etdiyi Cüdo üzrə xatirə turnirində yarışlar gərgin keçmişdir. Uğur qazananlar sırasında cüdoçu qızlar da vardı.