20 yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anma mərasimi
İsmayıllı Rayon İcra Hakimiyyətinin hazırladığı tədbirlər planına əsasən 20 yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş mərasimlər bütün idarə, müəssisə və təşkilatları, inzibati ərazi dairələrini əhatə edir. 19 yanvar 2015-ci il tarixdə növbəti anma mərasimi Heydər Əliyev mərkəzində “Heydər Əliyev İdarəetmə Məktəbi”nin məşğələsi formasında keçirilmişdir. Rayon təhsil şöbəsi, rayon gənclər və idman idarəsi və rayon mədəniyyət və turizm şöbəsinin birgə keçirdikləri 20 yanvar faciəsinə həsr olunmuş inşa yazı və rəsm müsabiqəsinin qalibləri də buraya dəvət olunmuşdu.
Tədbir açıldıqdan sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İştirakçılar 20 yanvara həsr olunmuş qısa bir video-filmə baxdılar.
Məşğələdə İsmayıllı Dövlət Humanitar və Texnalogiya Kollecinin direktor əvəzi Sevda Qasımova “20 yanvar xalqımızın qan yaddaşıdır,” Əməkdar müəllim Şəfaqət Rəsulov “20 yanvar faciəsinin siyasi və hüquqi qiymətini ümummilli liderimiz Heydər Əliyev verdi” və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Vidadi Zərbiyev “Qarabağ şəhidliyi 20 yanvar şəhidliyinin davamıdır” mövzusunda çıxış etdilər.
İnşa yazı müsabiqəsində birinci yeri tutan şəhər 3 saylı tam orta məktəbin on birinci sinif şagirdi Sona Şalbuzova dərin hissiyatla, şəhidlərin ruhuna ehtiramla yazılan inşasını təqdim etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 20 yanvar hadisələrinin fəal şahidi kimi faciənin əsil mahiyyətini açdı, o zamankı hakimiyyət nümayəndələrinin biganəliyindən, dünya ölkələrinin Azərbaycana, ümumiyyətlə müsəlman dünyasına ikili yanaşmasından, tökülən qanların bihudə getmədiyindən, milli birliyimizin, vəhdətimizin daha da möhkəmlənməsindən danışdı.
Tədbirdən sonra Heydər Əliyev Mərkəzinin foyesində rəsm müsabiqəsi qaliblərinin əl işlərinə baxış keçirildi, hər iki müsabiqənin qaliblərinə diplomlar və hədiyyələr verildi.