Qədim Qalacıq yeni icra hakimiyyətinin başçısı ilə görüşür.
Tarixi yaxınlıqdakı Qasımxan qalasının tarixindən də əvvələ gedib çıxan qədim Qalacıq kəndində əhali ilə görüşə gələn rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxışına bu sözlərlə başladı:
-Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları mənə etimad göstərib RİH-nin başçısı göndərərkən İsmayıllını yüksək sürətlə inkişaf etdirməyi, Basqal, Lahıc, İvanovka və Qalacığa xüsusi diqqətlə yanaşmağı tapşırdı.
Mirdaməd müəllim çıxışına davam edərək dedi:
Mən o tapşırığı yüksək məsuliyyətlə yerinə yetirmək üçün sizinlə görüşə gəlmişəm. Mən sizin problemlərinizlə tanışam. Onları birbaşa özünüzdən eşitmək istəyirəm. Qalacıqda yol, su, işsizlik problemləri mövcuddur. Ətrafdakı meşələrə qayğılı münasibət yoxdur. Pay torpaqlarına yersiz müdaxilələr çoxdur. Vaxtilə kəndinizdən Lahıca köçən Gülgəz Seyfalıyva qadınlara xalça toxumağı öyrətməklə qəsəbəni qorudu, saxladı. Bu gün isə siz xalçaçılığı ləğv etmsiniz. Birləşib hər hansı bir istiqamət üzrə təsərrüfat yaratmamısınız. Tarixən sizdə qoyunçuluq və maldarlıq inkişafda olub. İndi isə o inkişafdan əlamət belə qalmayıb. Qalacıqla bir nümayəndəlikdə birləşən Çəmənli kəndinin problemləri daha çoxdur. Burada Qəbələ zonasından elektirik enerjisi alınır, yol çox narahatdır, su və qaz yoxdur. Ümumi orta məktəbin açılması üçün bina tikilməlidir. Torpaqlardan səmərəli istifadə edilməsi üçün birgə təsərrüfatlar yaradılmalıdır.
Sizin ərazidə başqa yerlərdən gəlib ev tikənlər çoxdur. Kəndin rəhbərliyi mövcud sosial problemlərin həllinə onları da cəlb etməlidir.
Kənd sakinlərindən Əsgər Abdullayev, Qiyas Cırıyev, Səmədiyyə Məlikov, Yelmar Cavadov, Zeynəddin Cırıyev, Elşad Səmədov və başqaları müxtəlif mövzulu məsələlərlə əlaqədar rayon icra hakimiyyətinin başçısına müraciət etdilər. Su təhcizatının yaxşılaşdırılması ilə əlaqədar su kanal idarəsinin rəisi Ağasəf Əliyeva, torpaqlardan istifadə zamanı yol verilən qanunsuzluqları aradan qaldırmaq üçün RİH başçısının müavini Həsən Həsənova, mədəniyyət evinin tikintisi barədə mədəniyyət və turizm şöbəsinin müdiri Azər Abbasova tapşırıq verildi. Rayon qaz istismarı sahəsinin rəisi Eldar Səlimzadə 2014-cu ildə Qalacığın başdan-başa qazla təmin olunacağını bildirdi. Qaldırılan digər məsələlər icra üçün nəzarətə götürüldü.
Yad fikirlilərdən həmişə uzaq və dövlət mövqeyində olan Qalacıq kəndinin əhalisi RİH-nin başçısı Mirdaməd Sadıqovla görüşdən məmnun qaldı. Çünki bütün məsələlərlə münasibət qanuni idi, obyektiv idi, şəffaf və ədalətli idi.