İsmayıllıda “Ənənəvi islam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilir
İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində yanvarın 29-da “Ənənəvi islam dəyərləri və müasirlik” mövzusunda iki günlük regional konfrans işə başlayıb.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və İsmayıllı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu və Göyçay rayonlarından olan dini icmaların rəhbərləri, din xadimləri, ziyallılar və gənclər iştirak ediblər.
Konfrans iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, heykəlin önünə çiçəklər qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Konfransda Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov konfransın əhəmiyyətini qeyd edərək, bu gün islam dəyərlərinin öyrənilməsi və düzgün təbliğ olunması, bu sahədə maarifləndirmə işinin təşkilinin daha da gücləndirilməsinin zəruriliyi, habelə dini icmaların cəmiyyətdə radikalizm meylərinin qarşısının alınması və qüvvələrin sosial məsələlərin həlli prosesinə cəlb edilməsi barədə ətraflı danışıb. Natiq bu istiqamətdə rayonda həyata keçirilən tədbirlərin nəticələrini qeyd edərək vurğulayıb ki, İsmayıllıda vəhabilik kimi radikalizm meyilli gənclərin sayı son zamanlar sürətlə azalır.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda çıxış edərək Azərbaycanda ümumbəşəri dəyərlərə malik olan islamın tarixi, milli-mənəvi dəyərlərimizdə yeri, dövlət-din münasibətləri barədə ətraflı danışıb. Geopolitik maraqların getdikcə şiddətlənərək təhlükəli həddə çatdığını, belə bir şəraitdə dünyada radikalizm meyllərinin güclənməsinin dəhşətli nəticələrə səbəb olduğunu diqqətə çatdıran natiq bu gün islam dövlətlərində baş verən silahlı toqquşmaların məhz bu maraqdan irəli gəldiyini vurğulayıb. Habelə, qeyd edib ki, Azərbaycanda da radikalizm meyelərinin güclənməsinə çalışan, ölkəmizi gözü götürməyən xarici ölkələr vardır.
Natiq öz çıxışında, habelə dövlət-din münasibətlərindən ətraflı danışaraq bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərə qayıdışı sürətlənib. Bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində həyata keçirdiyi işlərdən danışıb.
Azərbaycanlıların etiqat etdiyi islam dininin ənənəvi dəyərlərinin təbliğinin prioritet məsələ olduğunu vurğulayan M.Qurbanlı bu sahədə maarifləndimə işinə daha diqqətlə yanaşılmanın vacibliyini bildirib. Gəncləri radikalizm meyllərindən çəkindirməkdə, bu sahədə onları yad təsirlərdən qorumaqda hər kəsin, xüsusilə din xadimlərinin üzərinə daha məsuliyyətli vəzifələr düşür. Unutmaq olmaz ki, əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək gəlib çıxan milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı, onu insanlara düzgün şəkildə çatdırmalıyıq.
Konfransda Milli Məclisin deputatları Novruzəli Aslanov, Ərəstun Cavadov, habelə Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov çıxış ediblər.
Günün sonunada başa çatan konfrans 30 yanvar 2015-ci il tarixdə də öz işini davam etdirəcək.