Sevinc və fərəh dolu möhtəşəm bayram şənliyi yaşandı.
İsmayıllı gəncləri “Azərbaycan Gəncləri günü”nü Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf Strategiyası”ndan ruhlanaraq “Qala” şadlıq sarayında təntənəli şəraitdə keçirdilər.
Əvvəlcə gəncliyə həmişə aparıcı qüvvə kimi baxan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu. Şadlıq məkanında tədbir davam etdirildi. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov gəncləri bayram münasibətilə səmimiyyətlə təbrik etdi, fərqlənən idmançıları, fəal gəncləri mükafatlandırdı, onlara həyat fəaliyyətinin bütün istiqamətlərində uğurlar arzuladı. Gənclər paytaxtının seçilməsində təbliğat işinə ürəkdən qoşulmuş gənclərin ünvanına xoş sözlər dedi. Gəncləri bu səviyyədə görməkdən məmnun olduğunu, onların qüvvəsinə hələ çox müraciət ediləcəyini bildirdi.
Rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov dedi ki, dövlət gənclər siyasətinin həyata keçirilməsində, idmanın inkişafında, hərbi vətənpərvərlik tərbiyəsinin təkmilləşdirilməsində, gənclərin məşğulluğunun daha da artırılması sahəsində rayonda səmərəli iş aparılır. Gənclərə etibar edilir, onlar dövlət qulluğuna, idarəetməyə bütün əvvəlki illərdəkindən daha çox cəlb edilirlər. Rayon rəhbərliyi həcmindən asılı olmayaraq hər bir layihənin icrasında gənclərə əsaslanır, onların optimal təkliflərini əsas götürür, dəyərləndirir.
Bayram tədbiri bədii tərtibatı və musiqi bəzəyi ilə çox zəngin idi. Bu işdə İsmayıllı Dövlət Humanitar və texnologiya Kollecinin tələbələri daha öndə idilər. Təqdim olunan mahnı, musiqi və rəqs nömrələri, viktorinalar , şer, yumor müsabiqələri mənalı idi, razılıqla qarşılanırdı. Gənclərin əl işlərindən ibarət rəsm sərgisi də rayon rəhbərliyinin diqqətini cəlb etdi. Ən yaxşı yaradıcılıq işləri mükafatlara layiq görüldü. Rayon gənclər və idman idarəsi də tədbirə qədər və tədbirin gedişində fəallıq göstərən gənclərə diplomlar və hədiyyələr təqdim etdi.
İsmayıllı gəncləri fərəh və sevinc dolu bir möhtəşəm bayram şənliyi yaşadılar.