Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı: daha yüksək naliyyətlərə doğru

18 fevral 2015 | 16:00

Ötən ilin uğurla başa çatdığı, cari ilin daha məsul vəzifələrinin yerinə yetirilməsi üçün bütün qüvvələrin səfərbər edildiyi İsmayıllı rayonu bu gün inkişafının yeni mərhələsini  yaşayır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında nəzərdə tutulan layihələrin icrası bölgədə sosial-iqtisadi həyatın bütün sahələrində dinamik inkişafı təmin edib.
Bu fikir fevralın 18-də İsmayıllıda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında səsləndirilib. Qeyd edək ki, yığıncaqdan öncə iştirakçılar və qonaqlar tədbirin keçirildiyi mədəniyyət sarayının foyesində təşkil olunan kənd təsərrüfatı və sənaye məhsullarının, eləcə də sənətkarlıq nümunələrinin sərgisi ilə tanış olublar. Habelə yığıncaq başlanmazdan əvvəl Prezident İlham Əliyevin 22 sentyabr 2014-cü ildə İsmayıllıya səfərinə, rayonun sosial-iqtisadi inkişafına həsr olunan videoçarx nümayiş etdirilib.
Hesabat yığıncağında istər rayon icra hakimiyyəti başçısının məruzəsində, istərsə də çıxışlarda keçən il sentyabrın 22-də Prezident İlham Əliyevin rayona  gəlişinin, yenidən qurulan Heydər Əliyev adına Mədəniyyət Sarayının, rayon mərkəzi xəstəxanasının, YAP rayon təşkilatı üçün yeni inzibati binanın, 140 yerlik uşaq bağçasının, uşaq əyləncə və istirahət parkının açılışında  iştirakının, səfərdən bir gün sonra sentyabrın 23-də “İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında”kı Sərəncamı ilə Prezidentin ehtiyat Fondundan 2 milyon manat vəsaitin ayrılmasının insanların fəallığına, qurub-yaratmaq əzminin daha da yüksəlməsinə səbəb olduğu vurğulanıb.
Keçən il rayonda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. Hesabat ilində ümumilikdə 19 min 465 kvadratmetr yaşayış evi tikilib istifadəyə verilib ki, bu da inişilkindən 55 faiz çoxdur. Nizami Gəncəvi küçəsində iki beşmərtəbəli, M.F.Axundov küçəsində iki doqquzmərtəbəli yaşayış evlərinin tikintisinə başlanılıb. Prospekt və küçələrdə əsaslı yenidənqurma işləri aparılıb, şəhərin görkəminə xələl gətirən yaşayış evlərinin və ictimai binaların dam örtüyü dəyişdirilib və fasadı müasir memarlıq üslubunda təmir edilib. İsmayıllı bələdiyyəsinin, rayon təhsil şöbəsinin və İsmayıllı bələdiyyəsinin inzibati binaların əsaslı təmir olunub. Nizami küçəsində “Soyqırım” abidəsi qoyulub, ətrafı abadlaşdırılıb, Heydər Əliyev adına parkda “Yaşıl teatr “ üçün səhnə tikilib, S.Ə.Şirvani küçəsi ilə Məhsəti küçəsi arasındakı parkın tikintisi davam etdirilib.
Rayonda istehsal sahələrinin tikintisi istiqamətində də xeyli işlər görülüb və görülməkdədir. Belə ki, velosiped zavodunun inşası davam etdirilib, keçmiş yağ-pendir zavodunun ərazisində iş adamı tərəfindən kənd təsərrüfatı məhsullarının saxlanması və satışı məqsədilə “Yaşıl market”in tikintisinə başlanıb. Keyvəndi kəndində iş adamı tərəfindən  1500 başlıq südlük-ətlik istiqamətli iri heyvandarlıq kompleksinin tikintisi davam etdirilib, “Şən fermer” MMC tərəfindən illik istehsal gücü 1000 ton quş əti olan  hind toyuğu  fabrikinin inşasına başlanıb.
Hesabat yığıncağında  aqrar sektorun  aparıcı sahələri olan taxılçılığın, heyvandarlığın, habelə üzümçülüyün,  bağçılığın, arçılığın inkişafı istiqamətlərində ardıcıl tədbirlər görüldüyü bildirilib. Vurğulanıb ki,  Prezident İlham Əliyev   tərəfindən 2015-ci ilin “Kənd təsərrüfatı ili”   elan olunması  bu sahədə  mövcud ehtiyatlardan maksimum səmərəli istifadəni,  daha yüksək nəticələr üçün   bütün qüvvələrin səfərbər  edilməsini tələb edir.
Yaşayış məntəqələrinin su təchizatı ilə əlaqədar  hesabat ilində 8 kənddə subartezian quyusu qazılıb, Lahıc, Basqal və bir sıra digər istiqamətlərdə yolların asfaltlaşdırılması, ümumən rayonda yol infrastrukturunun yaxşılaşdırılması  istiqamətində xeyli işlər görülüb.
Məruzə və çıxışlarda təhsil, səhiyyə sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, turizmin inkişafı ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr də  ətraflı təhlil olunub.
Hesabat yığıncağında Prezident Administrasiyası Regional və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin məsul işçisi  Dəyanət Abdullayev, Milli Məclisin deputatları  Novruzəli  Aslanov və Ərəstun Cavadov çıxış ediblər.
Axırda Prezident İlham Əliyeviə müraciət qəbul olunub.

Keçidlər