Xocalı faciəsinin 23-cü ildönümü müxtəlif tədbirlərlə qeyd olundu
İsmayıllıda Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbirlər vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə, soyqırımın miqyasının daha dərindən dərk edilməsinə, gənclərin “Xocalıya ədalət” Beynəlxalq təbliğat kompaniyasına daha inamla qoşulmasına şərait yaradıb.
25 fevral 2015-ci il tarixdə Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 300 nəfərdən çox gənc Soyqırım abidəsinə əldə şamlarla yürüş edib. Hərbi geyimli gənclər abidə önündə canlı “Xocalı ” sözü yazıblar.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov gənclər qarşısında çıxış edib. Xocalı soyqırımı zamanı tökülən qanların yerdə qalmayacağından, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə torpaqlarımızın bütövləşəcəyindən, işğalçılardan tam təmizlənəcəyindən, beynəlxalq aləmin Qarabağ hadisələrinə biganə yanaşmağına baxmayaraq qüdrətli Azərbaycan ordusunun böyük qələbəyə çatacağından danışıb.
Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın “Xocalıya Ədalət” Beynəlxalq təbliğat-təşviqat kompaniyasında İsmayıllı gənclərinin fəal iştirakından bəhs edib.
26 fevral 2015-ci il tarixdə şəhərin mərkəzi meydanından Nizami Gəncəvi küçəsindən yerləşən Soyqırım abidəsinədək 6 min nəfərə qədər şəhər sakini yürüş edib. Abidə önünə Rayon İcra Hakimiyyəti adından əklil qoyulub. Ziyarətçilərin bir hissəsi, əsasən gənclər Mədəniyyət sarayına gəlib və faciənin 23 illiyinə həsr olunmuş tədbiri davam etdiriblər.
Dövlət qulluğu veteranı Valeh Salehov Xocalı Soyqırımı və ona ümummilli liderimiz Heydər Əliyevin siyasi və hüquqi qiymət verməsindən, Beynəlxalq diqqəti Xocalıya yönəltməsindən, Xocalı sakinlərinə xüsusi qayğı göstərməsindən danışıb.
Şəhid Xocalıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Ardınca “Addım Gənclər Təşkilatı”nın sədri Hüseyn Cavadzadə və “Gənclər üçün Təhsil Mərkəzi ” İB-nin sədri Fəxrəddin Həsənzadə çıxış ediblər. Sonra Gənclər paytaxtında ilk layihə olaraq “Xatirə” qısametrajlı filmi və əfsanəvi Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynova həsr olunmuş sənədli film nümayiş etdirilib.
Filmin nümayişindən sonra Qarabağ döyüşlərinin fəal iştirakçısı, hadisələrin şahidi ordenli hərbçi İbad Hüseynov çıxış edib, gəncləri vətən uğrunda döyüşə hazır olmağa, vətəni daha məhəbbətlə sevməyə çağırıb.
Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İbad Hüseynova və ictimai birlik rəhbərlərinə Azərbaycanın gənclər paytaxtı kimi ilk vətənpərvərlik tədbirin İsmayıllıda keçirdikləri, “Xocalıya ədalət” təbliğat kompaniyasında fəal iştirak etdikləri üçün təşəkkürünü bildirib.