“Basqal və basqallılar” kitabının təqdimatı
Azərbaycan tarixinin Basqal səhifələrini vərəqləmək, Basqalın şərəfli keçmişini bu günə gətirməklə onu bir daha tanıtmaq, mənəvi quruculuq sahəsində daha əhəmiyyətli addımlar atmaq üçün Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, publisist Miryavər Hüseynovun “Basqal və Basqallılar ” kitabının təqdimat mərasimi keçirildi. M.Hüseynova bütün yaradıcılıq illərində dəstək olan, bir ziyalı kimi ona həmişə böyük dəyər verən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov məclisi böyük dost məhəbbəti ilə təşkil etmişdi. Qonaqların timsalında Azərbaycan coğrafiyası təqdimat mərasimində əksini tapmışdı.
İlk olaraq RİH-nin başçısı professor, əməkdar elm xadimi Mirdaməd Sadıqov müəllifin ziyalı böyüklüyündən, elinə-obasına bağlılığından, cəfakeşlik səviyyəsində mənsub olduğu diyarı təmsil etmək bacarığından, Basqalın yetirmələrini bugünkü nəslə tanıtmaq üçün çəkdiyi zəhmətdən hərarətlə danışdı. “Basqal və Basqallılar” kitabının elmi, publisistik, tarixi, etnoqrafik, bədii, informatik baxımdan çox dəyərli olduğunu qeyd etdi.
Millət Vəkili, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov öz qələmi və bədii-elmi düşüncəsinin məhsulu olaraq “Basqal və basqallılar” kitabını yazdığına görə Miryavər Hüseynova təşəkkür etdi. Razılığını bildirdi ki, RİH-nin başçısı Mirdaməd Sadıqov mənəvi quruculuq işləri ideya-siyasi tərbiyə ilə müntəzəm məşğul olur. İnsanların sosial həyatına zənginlik gətirən tədbirlərə daha çox üstünlük verir.
Kitab barədə jurnalist Lətifə Əliyeva, müəllim Hacıməmməd Məmmədov, 3 saylı tam orta məktəbin direktoru Əhmədağa Ələkbərov, Basqal tam orta məktəbinin direktor müavini Yeganə Ağayeva səmimiyyətlə zəngin, hərarətli çıxış etdilər.
Basqal kəlağayısını beynəlxalq miqyasda təmsil edən rəssam, professor Cəlil Tarverdiyev dəyərli kitaba görə M.Hüseynovu təbrik etdi və “Kələğayı” rəsmini ərməğan olaraq müəllifə verdi.
ATİAHİ rayon komitəsinin sədri çıxış edib, bir müəllim kimi Miryavər Hüseynovun pedaqoji ustalığından danışdı və Respublika komitəsinin diplomunu təqdim etdi.
Əslən basqaldan olan “Turan” TV-nin prezidenti Nadir Şəfiyev və “Space” TV-nin əməkdaşı Elvin Basqallı çıxışlarında Miryavər Hüseynova yeni yaradıcılıq uğurları arzuladılar. RİH-nin başçısı Mirdaməd Sadıqova ürəkdən təşəkkür etdilər ki, İsmayıllıda belə gözəl bir ənənənin əsasını qoyub və davam etdirir.
M.Hüseynov sonda diqqət və qayğıya görə hamıya minnətdarlıq etdi, yaradıcılıq planlarından danışdı. Mədəniyyət və turizm şöbəsinin musiqi kollektivi məclisə əsil bədii-estetik bəzək vurdu.
“Çıraqban” turizm istirahət mərkəzində keçirilən görüş başa, çatdıqdan sonra qonaqlar od çərşənbəsi münasibətilə qalanmış tonqalın ətrafına toplaşdılar.