İsmayıllı rayonunda “Gənc əkinçi” layihəsi
“İrəli” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə İsmayıllı rayonunda “Gənc əkinçi” layihəsinin həyata keçirilməsinə başladı.
2015-ci ildə “Gənclər paytaxtı” seçilən İsmayıllıda keçirilən təlimlərə ölkə mətbuatını təmsil edən 30-dək gənc jurnalist cəlb olunub.
Martın 12-də layihə iştirakçılarını İsmayıllı Rayon İcra Hakimiyyətinində oldular. İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qəbul etdi. Son illər rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlardan, gənclərin cəmiyyətdə rolunun artırılması məqsədilə görülən işlərdən bəhs etdi, “Gənc əkinçi” layihəsinin önəmini vurğuladı.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov layihənin İsmayıllıda keçirilməsindən məmnunluğunu bildirərək Azərbaycanda kütləvi informasiya vasitələrinə göstərilən dövlət qayğısından danışdı. Bildirildi ki, bu gün ölkədə beş mindən çox KİV qeydiyyatdan keçib. Azərbaycan artıq qlobal informasiya sisteminə qoşulub və bu da gənc jurnalistlərin biliklərinin artırılmasını, onlar arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsini zəruri edir.
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cahangir Məmmədli 1875-ci ildə “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycanda milli mətbuatın təməlinin qoyulmasından, müasir dövrdə jurnalistikanın problemlərindən, əldə olunan uğurlardan danışdı.
Sonra rayon mədəniyyət sarayında “Gənc əkinçi” layihəsinin açılışı oldu.
“İrəli” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Türkan Xəlilova layihə barədə məlumat verdi. Bildirildi ki, layihənin əsas məqsədi Azərbaycanda peşəkar jurnalistikanı formalaşdırmaq, kütləvi informasiya vasitələri arasında əməkdaşlığı inkişaf etdirmək, yeni əlaqələrin qurulmasına şərait yaratmaqdır.
Sonra iştirakçılarla jurnalistikanın tarixi, mediada peşəkarlıq və müasir mətbuatın problemləri mövzusunda ictimai müzakirə keçirilildi.
Layihə çərçivəsində martın 15-dək jurnalistlərə peşəkar ekspertlər və ixtisaslı kadrlar tərəfindən müxtəlif mövzularda təlimlər, seminarlar keçiriləcək. Təlimlərdən sonra yaradılacaq qrupla mütəmadi işlər aparılacaq, dil kursları təşkil ediləcək. Qrupun, həmçinin gələcəkdə müxtəlif ölkələrin media orqanlarında təcrübə proqramlarına qatılması və həmin KİV-lərlə əməkdaşlığa cəlb edilməsi nəzərdə tutulur. Layihənin açılışında başçının ictimai –siyasi və humanitar məsələlər üzrə müavini Sevil Əhmədova iştirak edib.