Novruz gəlir yurdumuza bol bərəkəti, ruzisi ilə
Ümummilli liderimiz Heydər Əliyevin milli-mənəvi-mədəni dəyərlərimizi qorumaq, inkişaf etdirmək, zənginləşdirmək və nəsillərə əmanət olaraq etibar etmək üçün ölçüyəgəlməz işlər görmüş, fundamental tədbirlər həyata keçirmişdir. Ulu öndərin çoxistiqamətli siyasətini yaradıcılıqla davam etdirən Prezident İlham Əliyev cənabları insanların mənəvi dünyasına yeni bir zənginlik gətirmiş, milli-mənəvi dəyərləri hər bir vətəndaşın qeyri-maddi mədəni sərvətinə çevirmişdir. Xalqımızın sosial həyatında bu keyfiyyətlərin yaranmasında Novruz bayramı əlahiddə əhəmiyyət kəsb edir.
Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə Novruzun qeyd edilməsinə hazırlıqla əlaqədar aparılan təşkilati işlər mart ayının 20-də yüksək nəticəsini göstərdi. Qala divarları qarşısında və uşaq əyləncə və istirahət parkında təşkil olunan Novruz bayramı ruha qida verdi, hər bir sakinə sevinc bəxş etdi. Maddi nemətlər bolluğunu əks etdirən yarmarka və sərgidən keçib şənlik məkanına gələnlər bir daha rayonumuzun son iki ildəki inkişafının şahidi oldular.
Kəndlərimiz, məktəblərimiz, idarə, müəssisə və təşkilatlarımızın çoxu bayrama yüksək mətbəx və musiqi, süfrə mədəniyyəti ilə gəlmişdi. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sahə rəhbərləri və hörmətli qonaqlarla birgə hamının yanında oldu, hər kəsin süfrəsindən tam daddı, yaxşılara layiq olduğu dəyəri verdi. Qalagah, Lahıc, İstisu, Mollaisaqlı icra nümayəndəliklərinin, Rayon Gigiyena-Epidemiologiya Mərkəzinin, bir sıra məktəblərin, çoxsaylı digər təşkilatların Novruz bayramı təntənəsində yüksək səviyyəli iştirakından razı qaldı. Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə çıxış edən idmançılara, pəhləvanlara daha diqqətlə və həssaslıqla yanaşan Başçı onları müşahidə etdikdən sonra məktəblilərin səməni və xonça sərgisinə baxdı. Bayram şənliyində nə vardısa, hamısı yaxşı idi. Ürək hərarəti, qəlb sevinci ilə hazırlanmışdı. Bu da onun nəticəsi idi ki, rayonda insanlara haqlı, ədalətli, qayğılı, bir sözlə yaxşı yanaşma var. Bölgəsinin uğurlarına sevinən insanlar bayrama da könül xoşluğu, düşüncə rahatlığı ilə gəlirlər. Bir vətəndaş kimi həyatlrı üçün arxayındırlar ki, onların cənab İlham Əliyev kimi Prezidenti var.
Bütün sərgilərə, xonçalara, süfrələrə, ayrı-ayrı yerlərdən gələn bədii kollektivlərə, folklor qruplarına baxışdan sonra RİH-nin başçısı Mirdaməd Sadıqov Cavanşir xan obrazını yaradan mədəniyyət işçisi ilə tonqalı yandırdı, Novruz bayramı ilə, milli- mənəvi dəyərlərimizlə, cənab Prezident İlham Əliyevin siyasətinin beynəlxalq səviyyəli nəticələri ilə bağlı məzmunlu və gərəkli çıxış etdi. RİH-nin başçısı ilə Novruz şənliyində iştirak edən Millət Vəkili Novruz Aslanov, çoxsaylı qonaqlar və mətbuat işçiləri də el şənliyinin bu səviyyədə təşkilindən razı qaldılar.
Keçəllə Kosa meydan oyunlarını nümayiş etdirdilər, müğənnilər mahnı oxudular, rəqslər ifa olundu.
Gətirilən xonçalardakı, sərgilərdəki nemətlər iştirakçılara paylandı.