Sözü saxlayaq, işə başlayaq
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun 04 aprel 2013-cü il tarixdə Talıstan kəndində keçirdiyi görüş-qəbulunda əsas istiqaməti Lətifə xanımın rayon qadınlarının konfransındakı çıxışında işlətdiyi ifadə idi. Sərlövhədə onu yazmışam.
Mirdaməd müəllim 500 nəfərdən çox görüş iştirakçısına müraciət edərək dedi:
- Sizin problemlərlə tanışam. Son üç ildə müxtəlif ünvanlara çoxsaylı müraciət göndərmisiniz. Əksəriyyəti də torpaq və yardımla bağlı olub. Torpaqdan qanuni istifadəni təmin etməli olan təşkilatlar bəs hara baxırdı? Özünüz niyə bir iş sahəsi yaratmırdınız. Olmazmı ki, torpaqları çəpərləmək əvəzinə bir yerə qoyub birgə təsərrüfat yaradasınız? Sizin kəndin, təsərrüfatın keçmişinə yaxşı bələdəm. Vaxtilə təsərrüfatınız qabaqcıl, kəndiniz daha abad olub. Niyə o ənənələri davam etdirmirsiniz? Biz sizinlə birgə çalışmalıyıq ki, ümumi problemləri, sonra isə fərdi problemləri həll edək. Varmı aranızda ali təhsilli mütəxəssislər? Quşçuluq, heyvandarlıq üzrə təsərrüfat yaratmaq, meyvə şirəsi və konserv müəssisəsi açmaq üçün biznes layihələr hazırlasın, ən çoxu 6 faizlə kredit alsın, özü işləməklə yanaşı, digərlərini də işlə təmin etsin. Hamı yardım umacaqsa, işləyən kim olacaq? 2382 nəfər insanın yaşadığı kənddə niyə mədəniyyət evi, xəstəxana olmasın? Torpaqlarınızı alıb ev tikənləri, kəndin imkanlı adamlarını sosial problemlərin həllinə cəlb etməlisiniz.
Orta məktəbiniz də müasir iqtisadi idarəetmə istiqamətində şagirdlərlə iş aparmır. Layihələr hazırlanmasında iştirak etmir.
Kimlərsə həyətyanı və ya pay torpağının sənədini almayıb. Mülkiyyət hüququ verən şəhadətnaməsi yoxdur. Torpaq şöbəsinə və digər aid məsul şəxslərə 10 gün vaxt verirəm. Bu məsələlər öz həllini tapmalıdır.
Mövcud bütün problemləri RİH-nin başçısı Mirdaməd Sadıqov şərh etsə, diqqətə çatdırsa, həlli yollarını dəqiq göstərsə də, şəxsi məsələlərini ortaya gətirənlər də oldu. Hər bir məsələ ilə əlaqədar konkret tapşırıq verildi.