Şəhərə birləşən Micanın da problemləri çoxdur
Talıstandan sonra RİH-nın başçısı Mirdaməd Sadıqov şəhərə birləşmiş keçmiş Mican kəndinin məktəbinə gəldi. Çoxsaylı insanlar iclas zalına toplaşmışdılar. Micanla çox yaxından tanış olduğunu bildirən Mirdaməd müəllim görüş-qəbulu açaraq dedi:
- Tanınmış ziyalılar yetişdirməkdə, rayonda saf mənəvi-siyasi mühit yaradılmasında Micanın böyük rolu var. İctimai xadim, böyük ziyalı Rəşid Mahmudov bu kənddəndir. Burada çox dəyərli ağsaqqallar olub. İndiki fəaliyyətimizdə ağsaqqal sözünə, ağsaqqal məsləhətinə daha çox ehtiyac var. İş qurmaq, iş yeri yaratmaq istiqamətində fəaliyyət göstərməliyik. Müxtəlif ünvanlara şikayət, müraciət, ərizə göndərməklə nəyəsə çatmaq mümkün deyil.
Torpaqlara münasibətiniz yaxşı olmayıb. Pay torpaqlarınıza yersiz müdaxilələrə yol verilib. Sonrakı nəsillərin torpağa ehtiyacı olmayacaqmı? Şəhər ərazisində 19 yaşdan 29 yaşa qədər 2500 nəfər gənc yaşayır. Çoxunun da torpağı yoxdur. Torpaqlardan ağılla, düşüncə ilə, daha səmərəli üsullarla istifadə edilməlidir.
Aranızda yardım istəyənlər də vardır. Biz başqa yola üstünlük veririk. İş yeri, istehsal sahələri açırıq. Geniş miqyasda tikinti-quruculuq işləri aparılır. İşləmək istəyən isə azdır. Bu yaxınlarda əmək yarmarkasına 400 iş yeri çıxarmışdıq. Cəmi 178 nəfər işləmək istədiyini bildirdi. Hər şeyin yaxşı olmağını, küçələrin abadlaşdırılmasını, elektrik xətlərinin yeniləşməsini, suyunuzun, qazınızın gəlməsini istəyirsiniz. Bu istəklərə çatmaq üçün gözləmə mövqeyindən çıxıb işləmək mövqeyinə gəlmək lazımdır. Dövlətimiz işləyənə həmişə dəstək olacaq, imtiyazlar verəcək.
Keyvəndi kəndi ərazisində müasir heyvandarlıq kompleksi tikirik. İstərdim ki, aranızda olan iş adamları belə layihələrlə müraciət etsin. Kredit almaqda isə heç bir məhdudiyyət yoxdur.
Hər yerdə olduğu kimi burada da çox məsələlər qaldırıldı, təkliflər irəli sürüldü.
Ağsaqqal Şamil Mürsəliyev çıxış edərək başlanan geniş miqyaslı tikinti-quruculuq işlərində, yeni-yeni layihələr icrasında hamının fəal iştirakını lazım bildi.