Çempion qızlarla görüş
2014-2015-ci il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən 13 yaşadək (U-13) qız futbolçulardan ibarət komandalar arasında Azərbaycan çempionatı keçirilib. Çempionatda İsmayıllı rayonunun Hacıhətəmli kənd tam orta məktəbinin “Babadağ” komandası qələbə çalmış və çempion adını qazanmışdır.
Bu münasibətlə 14 aprel 2015-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov idmançılarla görüşmüş və onlara hədiyyələr təqdim etmişdir. Görüşdə İcra hakimiyyətinin müavini Sevil Əhmədova , İsmayıllı Futbol Federasiyasının rəhbəri, Rayon Polis Şöbəsinin rəisi Nizami Qocayev, Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, Hacıhətəmli kənd tam orta məktəbinin direktoru Nazim Ağakişiyev və məşqçi Ədalət Əhmədov iştirak etmişdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək bildirdi ki, Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizin paytaxtı Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi Azərbaycanı bir daha dünyada yenidən tanıdacaqdır. Avropa Oyunlarında 49 ölkədə 6000-dən çox idmançı mübarizə aparacaqdır.
Çıxış edənlər diqqət və qayğıya görə Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqova minnətdarlıqlarını bildirdilər.