Şriftin ölçüsü :

Saytın rəngi :

"TOUR D'AZERBAIDJAN" beynəlxalq velosiped turu keçiriləcək

29 aprel 2013 | 15:00

Azərbaycan Velosiped İdmanı Federasiyasının məlumatına əsasən 2013-ci il may ayının 1-dən 5-dək ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, Bakı şəhəri, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazisindən keçməklə 5 mərhələdən ibarət olan beynəlxalq velosiped turu keçiriləcəkdir. Veloturda 24 ölkədən, o cümlədən ABŞ, İtaliya, Almaniya, Türkiyə, Rusiya, Avstriya, Niderland, Norveç, İsveçrə, Portuqaliya, Belçika, Danimarka, Avstraliya, Əlcəzair, Latviya, Ukrayna, Belarus, Qazaxıstan və digər xarici ölkələrdən 500 nəfərdən çox iştirakçının və fəxri qonaqların, o cümlədən Beynəlxalq Velosipedçilər İttifaqının rəhbərliyinin, dünyanın tanınmış velosipedçilərinin, eləcə də XXX London Yay Olimpiadasının qalibi, Qazaxıstan velosipedçisi Aleksandr Vinokurovun iştirakı gözlənilir.
Velosiped turu may ayının 1-də Heydər Əliyev Mərkəzinin qarşısında start götürəcək, Heydər Əliyev Mərkəzi - metronun "Koroğlu" stansiyası - Heydər Əliyev Mərkəzi marşrutu üzrə 11 dəfə dövrə vurmaqla başa çatacaqdır. Turun ikinci mərhələsi may ayının 2-də Bakı şəhərində Şıx çimərliyi ilə üzbəüz ərazidəki Velosiped parkından start götürərək "Bakı - Abşeron - Qobustan - Şamaxı - İsmayıllı" marşrutu üzrə keçiriləcəkdir. Üçüncü mərhələ mayın 3-də "Qəbələ - Oğuz -Şəki- Oğuz - Qəbələ", dördüncü mərhələ mayın 4-də "Qəbələ - Şamaxı", beşinci - sonuncu mərhələ isə mayın 5-də Azadlıq meydanından start götürərək, Bakı şəhərinin mərkəzi küçələri ilə 12 dəfə dövrə vurmaqla yekunlaşdırılacaqdır.
Beynəlxalq velosiped turunun yerli və xarici kütləvi informasiya vasitələrində, o cümlədən Eurosport, Eurosport-2 və Euronews televiziya kanalları vasitəsilə geniş işıqlandırılması nəzərdə tutulur.

Keçidlər