Şriftin ölçüsü :

Saytın rəngi :

Gənc təsərrüfatçılar məktəbi

23 aprel 2015 | 15:00

İsmayıllı rayonunun  kənd təsərrüfatı sahəsi  tarixən taxılçılığı, maldarlığı, qoyunçuluğu və meyvəçiliyi ilə tanınıb. Qeyd olunan istiqamətlər üzrə məhsuldarlıq həmişə yüksək olub. İctimai təsərrüfatların fəaliyyəti zamanında mütəxəssis məsləhətləri, işlərin aqrar elminə əsaslanaraq qurulması, idarəetmənin keyfiyyəti də  yüksək məhsul almaqda əsaslı rol oynayırdı.
         1996-cı ildən başlanğıcını götürən torpaq islahatı nəticəsində yaranan fərdi və kiçik fermer təsərrüfatları mütəxəssis idarəetməsindən və elmi yanaşmadan uzaq düşdüyü üçün yüksək məhsuldarlığa çatmaq olmurdu. Bunları əsas götürən rayon icra hakimiyyəti bir sıra düşünülmüş tədbirlər  həyata keçirir. İlk olaraq onu qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılan kənd təsərrüfatı idarəsi üçün inzibati bina tikilib qurtarmaq üzrədir. Rayonda pay torpaqlarının əkilib-əkilməməsi vəziyyətinin monitorinqi aparılır. Əkilməyən sahələr müəyyənləşdirilir, mülkiyyətçilərdən torpaqların məqsədinə istifadə olunması tələb olunur.
Çoxistiqamətli fermer evinin tikintisi 2015-ci ildə başa çatdıqdan sonra təsərrüfatlara müntəzəm mütəxəssis yardımı da göstəriləcək, aqrar elminin yerlərdə tətbiqinə imkan yaranacaq.
Rayonda kənd təsərrüfatının daha da inkişaf etdirilməsi və gənclərin məşğulluğunun artırılması, əhalinin ərzaq təminatının yaxşılaşdırılması, istehsalçılara dəstək verilməsi baxımından aprelin 23-də keçirilən tədbir “Gənc təsərrüfatçılar məktəbi”nin yaradılması çox böyük əhəmiyyət kəsb edəcək.
Rayon İcra Hakimiyyəti başçısı,  iqtisad  elmlər doktoru, Əməkdar elm xadimi Mirdaməd Sadıqovun ideya müəllifi olduğu bu layihənin hazırlanması və həyata keçirilməsi üçün təşkilat komitəsi yaradılıb. Komitənin iclasına gənc fermerlər və gənc iqtisadçılar, praktik kənd təsərrüfat işçiləri, kənd təsərrüfatı idarəetmə səriştəsi olan mütəxəssislər dəvət olunmuşdur.
Mirdaməd Sadıqov ilk növbədə “Gənclər paytaxtı”nın gənclərini fəallığa, təşəbbüskarlığa, müasir elmi nailiyyətlərə, milli-mənəvi dəyərlərə mükəmməl yiyələnməyə çağırdı. Ondan sonra “Gənc təsərrüfatçılar məktəbi”nin mahiyyətini, fəaliyyətinin hüquqi və  elmi əsaslarını şərh etdi.
İsmayıllı Humanitar və Texnologiya Kollecinin direktor əvəzi, elmlər namizədi Sevda Qasımova təşkilat komitəsinin sədri- gələcək məktəbin icraçı direktoru seçildi.
Təşkilat komitəsi bir ay müddətində “Gənc təsərrüfatçılar məktəbi”nin nizamnaməsini, fəaliyyət və tədris proqramını, digər hüquqi sənədlərini hazırlayacaq və sonda təsis konfransında hüquqi status alacaqdır.

Keçidlər