İsmayıllı rayon Gənclər və İdman idarəsi - 20
28 aprel 2015-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsinin yaradılmasının 20-ci ildönümünə həsr edilmiş dəyirmi-masa keçirildi.
Tədbiri Rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov açaraq Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı Fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı Qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və 1995-ci il 28 aprel tarixində isə rayonlarda gənclər və idman idarələrin yaradılma tarixindən bəhs edərək gənclərimizə və idmançılarımıza ölkə Prezidenti tərəfindən verilən yüksək dəyərdən və bu qayğının uğurlu nəticələrindən danışdı.
Ardınca Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova çıxış etdi. O, idarənin əməkdaşlarını yubiley münasibətilə ürəkdən təbrik etdi, onlara işlərində uğurlar dilədi. Eyni zamanda rayon rəhbərliyinin gənclərə və idmançılara göstərdiyi qayğıdan söz açaraq Dünya və Avropa çempionu idmançımız Əliyev Tuncay Mübariz oğlunun müsabiqədən kənar Polis sisteminə işə qəbul edildiyini bildirdi.
Müxtəlif vaxtlarda idarə rəisi vəzifəsində işləmiş Rüstəm Səmədov və Vüqar Muradəliyev öz təbriklərini, ürək sözlərini səsləndirdilər. Onlar ilk dövrlə indiki dövrü müqayisə edərək hal-hazırda istər gənclərə, istərsə də idmançılara gözəl şəraitin yaradıldığını vurğuladılar.Bunun üçün rayon icra hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova minnətdarlıq ifadə etdilər.
Tədbirdə rayonumuza gənclik nəfəsi gətirən İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktor əvəzi Sevda Qasımova, daim Gİİ ilə sıx əməkdaşllıq şəraitində işləyən Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, İdarəsi ilə birgə fəaliyyət göstərən Uşaq Gənclər Şahmat Məktəbinin direktoru Nadir Hacıyev, İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətov, Uşaq Gənclər İdman məktəbinin direktoru Nəriman Alıyev, məşqçi-müəllimlərimiz Anar Həsənov və Tuncay Əliyev də öz növbələrində Gənclər və İdman İdarəsinin kollektivini təbrik etdilər, uğurlar arzuladılar.
İdarənin əvvəlki və hal-hazırki əməkdaşlarının iştirakı ilə yubiley tortu kəsildi. İdarə yaradılandan bu günədək işləyən məsləhətçi-mühasib Kamilə Bağırova Həmkarlar təşkilatının tərifnaməsi və xalça hədiyyəsi ilə təltif edildi.
Tədbir boyu idarənin fəaliyyətinin ən uğurlu səhifələrini özündə əks etdirən slayd nümayiş etdirildi.