Şriftin ölçüsü :

Saytın rəngi :

100 yaşlı veteranın yubleyi bayram edildi

04 may 2015 | 15:00

Alman faşizmi üzərində qələbənin 70 illiyinin qeyd olunması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq  İsmayıllıda silsilə tədbirlər həyata keçirilir.
May ayının 4-də Gülüstan şadlıq sarayında daha böyük təntənə vardı. Burada Qələbənin yetmiş illiyi, həm də Qalınçaq kənd sakini, İkinci Dünya müharibəsi veteranı Bilal Əliyevin 100 illik yubileyi geniş tərkibdə qeyd edilirdi.
Rayon İcra Hakimiyyətinin başçısı  Mirdaməd Sadıqov başlanğıcda çıxış edərək veteranlara, vətən uğrunda mərdliklə döyüşənlərə Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan danışmış, Bilal Əliyevi 100 yaşı olması münasibətilə səmimiyyətlə təbrik etmiş, ölkə rəhbərinin hədiyyəsi olaraq minik avtomaşının açarlarını yubilyara təqdim etmişdir.
Bilal Əliyev Prezidentə çoxsaylı övladları, nəvələri, nəticələri və kötüycələri ilə birgə bugünkü xoşbəxt həyatına, gördüyü hörmət, qayğı və ehtirama görə Prezidentə minnətdarlıq etmiş və demişdir: “Prezidentimizin sərəncamı ilə kəndimizə asfalt yol çəkilib, 380 yerlik məktəb tikilib, hər evə içməli su verilib. Kəndimizdə, rayonumuzda hər iş  yaxşılığa doğru gedir. 800 manatı rəhbərimizin canına dua edərək almışam. Bu gün də  mənə  maşın verilir. Belə böyük insana tayı-bərabəri olmayan sevimli rəhbərimizə deyirəm- Allah Sizi sevindirsin! Sizin varlığınız bizim sevincimizdir”.
       Millət Vəkili, rayonda keçirilən bütün tədbirlərdə rəhbərliklə birgə olan Novruz Aslanov   ömrün yüz illik zirvəsinə çatan  Bilal Əliyevi təbrik etdi, Ali Baş Komandan İlham Əliyevin Qarabağ müharibəsində qazanacağı Qələbəni görməyi ona arzuladı.
       Rayon Veteranlar Şurasının sədri Abduləli Əliyev, Bilal Əliyevin nəvəsi, Avropa və Dünya çempionu Tuncay Əliyevin, böyük oğlu Sahib Əliyevin çıxışlarında Dövlət başçısının ünvanına minnətdarlıq ifadə olundu. Dövlət qulluğu veteranı Valeh Salehov 100 yaşlı yubilyarı  təbrik etməklə yanaşı bildirdi ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncam, tapşırıq və tövsiyələrini məsuliyyətlə icra edən rayon rəhbərliyi mənəvi quruculuq sahəsində də uğurlar qazanır. Bugünkü möhtəşəm tədbir də bu quruculuğun ən mühüm mərhələlərindən biridir.
Rayon Mədəniyyət və Turizm şöbəsinin ansambılı, şəhər 6 saylı tam orta məktəbin hərbi geyimli şagirdləri bayram tədbirinə musiqi, mahnı, marş ovqatı qatdılar.
Aşıq Yanvarın oxuduğu mahnılar alqışlarla qarşılandı. Qalib veteran-babalar nəvələrinin yanına qəlblərində sevinc, əllərində qızıl gül dəstələri ilə qayıtdılar.
Bilal Əliyev isə Prezidentin hədiyyəsi olan minik maşınına əyləşdi, nəvəsi də maşını sürüb Qalınçağa getdilər.

Keçidlər