İsmayıllıda Heydər Əliyev idarəetmə məktəbinin növbəti məşğələsi keçirildi.
05 may 2015-ci il tarixdə ümummilli lider Heydər Əliyevin 92 illik yubleyi ilə əlaqədar “Heydər Əliyev idarəetmə məktəbi”nin “İctimai siyasi sabitlik Heydər Əliyev siyasətinin başlıca istiqamətidir” mövzusunda növbəti məşğələsi keçirildi. Məşğələnin keçirilməsi üçün məkan dahi öndərin adını daşıyan Heydər Əliyev Mərkəzi seçilmişdi.
Mərkəzin foyesində ümummilli liderin həyat və siyasi fəaliyyətini əks etdirən sərgi təşkil olunmuşdu. Rayon ziyallılarından, ictimaiyyət nümayəndələrindən, ağsaqqallardan, müharibə və əmək veteranlarından, gənclərdən ibarət məşğələ dinləyiciləri əvvəlcə ümummilli liderə həsr olunmuş mahnılara, bədii qiraətçilərin ifasında şeirlərə qulaq asdılar. Sonra dahi öndərin 92 illik yubleyi ilə bağlı məktəblilər arasında keçirilmiş inşa yazı müsabiqəsinin 9 nəfər qalibi RİH-nin başçısı cənab Mirdaməd Sadıqov tərəfindən mükafatlandırıldı. Şagirdlərə diplomlar və qiymətli hədiyyələr təqdim edildi.
Məşğələyə ümummilli liderin həyatını və onun siyasi fəaliyyətini əks etdirən filmin nümayişi ilə başlandı.
Rayon məhkəməsinin hakimi Azad Əliyev, YAP rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyev seçilmiş mövzu ilə bağlı çıxış etdilər.
“Heydər Əliyev idarəetmə məktəbi”nin ideya müəllifi, RİH-nin başçısı cənab Mirdaməd Sadıqov ölkədə ictimai-siyasi sabitliyin yaranmasında və onun davamlı inkişafında ümummilli liderin apardığı ardıcıl siyasət barədə ətraflı məlumat verdi.
M.Sadıqov qeyd etdi ki, anadan olmasının 92-ci ilini yüksək səviyyədə qeyd etdiyimiz ulu öndərin siyasi irsi xalqımızın milli sərvətidir. Öz xalqını ürəkdən sevən, bütün mənalı ömrünü vətəninin müstəqilliyinə, onun inkişafına həsr edən ən böyük azərbaycanlı məhz Heydər Əliyevdir. O, ictimai-siyasi sabitliyə nail olmağın elə bir modelini yaratmışdır ki, bunu heç vaxt, heç bir dövlət xadimi edə bilməmişdir.