Fransanın nümayəndə heyəti İsmayıllıda
III Qlobal Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Fransanın nümayəndə heyəti 20 may 2015-ci il tarixdə İsmayıllıya səfər etmişdir.
Nümayəndə heyətinin üzvlərini və onları müşaiyət edən rəsmiləri İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Millət vəkili, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov və Millət vəkili Ərəstun Cavadov qarşılamışlar.
Qonaqlar səmimiyyətlə qarşılandıqdan sonra şəhərin Nizami Gəncəvi küçəsində ucaldılmış “Soyqırım abidəsi” önünə əklillər və gül dəstələri qoyulmuşdur. Müxtəlif zamanlarda ermənilərin Azərbaycana qarşı törətdikləri soyqırım hadisələrindən səfər iştirakçılarına geniş məlumat verilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı və Millət vəkilləri fransız qonaqlarla tarixlər şahidi olmuş Lahıc qəsəbəsinə getmiş, onun tarixi, keçmişi və bu günü ilə tanış olmuşlar.
Səfər proqramı çərçivəsində qonaqlar Lahıcdan sonra Heydər Əliyev Mərkəzinə gəlmiş, buradakı ekspozisiyalarla, yaradıcılıq mühiti ilə tanış olmuşlar. Şəhər bir saylı tam orta məktəbin şagirdləri fransız dilində ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.
Mirdaməd Sadıqov Novruz Aslanovun və Ərəstun Cavadovun iştirakı ilə RİH-nin konfrans zalında nümayəndə heyəti ilə görüşmüşdür.
RİH-nin akt zalında Millət vəkilləri, rayon icra hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri və kütləvi informasiya təmsilçilərinin iştirakı ilə İsmayıllı şəhəri ilə Evian-le-Ba şəhəri arasında Dostluq və Əməkdaşlıq Xartiyası imzalanıb. Müqaviləni İsmayıllı tərəfindən RİH-nin başçısı Mirdaməd Sadıqov, Evian-le-Ba tərəfindən isə Avropa Parlamentinin üzvü, Paris şəhərinin 7-ci rayonunun meri Rəşidə Dati imzalayıblar. Müqavilənin ilkin təsdiqinin təzahürü olaraq Nizami Gəncəvi küçəsində əsası qoyulan “Azərbaycan-Fransa Dostluq Parkı”ında rəhbərlik, Milli Məclisin deputatları və qonaqlar ağac əkmişlər.
Bununla da İsmayıllının dördüncü istiqamətdə Beynəlxalq əlaqələri yarandı.