Azərbaycanın dövlət müstəqilliyinin bərpası XX əsrdə xalqımızın ən böyük nailiyyətidir
25 may 2015 | 15:00
İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri üçün ümummilli lider Heydər Əliyevin irsinin daha dərindən öyrənilməsi məqsədilə keçirilən açıq dərslər başa çatıb.
AZƏRTAC xəbər verir ki, sonuncu dərsdə şəhər 2 və 6 saylı tam orta məktəblərindən 62 nəfər yuxarı sinif şagirdi iştirak edib.
Tarix müəllimi Ramiz Baloğlanov müasir müstəqil Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin xalqın təkidi ilə 1993-cü ilin iyununda ikinci dəfə hakimiyyətə gəlişi, iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi barədə ətraflı danışaraq, bu tarixi qayıdışın ölkədə vətəndaş müharibəsi və separatçı meyillərin qarşısının alınması, siyasi sabitliyin bərpa olunması ilə nəticələndiyini diqqətə çatdırıb. Vurğulayıb ki, ulu öndər Heydər Əliyev 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cəbhədə atəşkəs təmin edilib. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkədə iqtisadi dirçəlişin əsası qoyulub.
Şagirdlərə, habelə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi sahələrdə dinamik inkişafından ətraflı bəhs olunub.
Açıq dərsdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Sonra Heydər Əliyev Mərkəzində ilboyu keçirilən açıq dərslərə yekun vurulub. Bildirilib ki, ümummilli lider Heydər Əliyev irsinin daha
dərindən öyrənilməsi ilə əlaqədar keçirilən açıq dərslərdə rayonun 46 ümumtəhsil məktəbindən 879 nəfər X-XI sinif şagirdi iştirak edib.
Sonda açıq dərsləri tədris edən 13 nəfər qabaqcıl müəllimə fəxri fərmanlar təqdim olunub.