ADR-in yaranmasının 97-ci ildönümü qeyd edildi
Azərbaycan Demokratik Respublikasının banilərindən olan Məmmədəmin Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün yaşı eralarla ölçülən Lahıcı seçmişdi. Qədim Lahıcın mənsub olduğu İsmayıllıda 27 may 2015-ci il tarixdə Respublika günü qeyd edilib. ”Heydər Əliyev ” mərkəzinə toplaşan “Heydər Əliyev idarəetmə məktəbi” nin müdavimləri rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda məruzəsini dinləyiblər.
Məruzədə tarixilik və xüsusilə müasirlik dərin əksini tapmışdı. Məruzəçi müstəqilliyimizin əbədi, dönməz və sarsılmaz olduğunu şərtləndirən amilləri ümummilli lider Heydər Əliyevin ideyaları baxımından dərindən təhlil və izah etdi.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktor əvəzi, filologiya üzrə fəlsəfə doktoru Sevda Qasımova, ”Ən yaxşı müəllim” müsabiqələrinin qalibi Çingiz Muradlı, şəhər 5 saylı tam orta məktəbin tarix müəllimi Bəxtiyar Fərəcov və Təzəkənd tam orta məktəbinin direktoru Elxan Bədəlov çıxış ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bir daha “Respublika günü” münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, növbəti vəzifələrin icrası üçün müvafiq tapşırıqlar, icra istiqamətləri vermişdir.