Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı şəhərində “Saat meydanı” layihəsinin təqdimatı olub

24 iyun 2015 | 15:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin akt zalında yeni “Saat meydanı” layihəsinin təqdimatı keçirilib.
Mütəxəssislərin, rayon fəallarının, sahibkarların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yeni layihənin təqdimat mərasimində əvvəlcə İsmayıllı şəhərinin arxitektura durumu, problemlər və vəzifələr geniş müzakirə olunub. Vurğulanıb ki, son 3 ildə İsmayıllı şəhərində həyata keçirilən yeni layihələrdə şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinə uyğun olaraq ərazilərdə, habelə yaşayış sahələrində sosial-iqtisadi inkişafın təmin edilməsi, insanların sağlamlığına zərər vurulmasının qarşısının alınması, eləcə də ekoloji mühitin mühafizəsi, şəhər daxilində nəqliyyat mədəniyyətinin artırılması xüsusi önəm kəsb edib.
İsmayıllı şəhərinin Cavanşir, M.Ə.Rəsulzadə və Şirvanşahlar küçələrinin ərazisini əhatə edəcək “Saat meydanı” 2009-cu ildə təsdiqlənən baş planın icrasına uyğun olaraq primitiv görkəmi ilə şəhərin memarlıq görünüşünə xələl gətirən obyektlərin yenidən qurulmasını və bazar yaxınlığında nəqliyyatın nizamsız hərəkətinin sistemləşdirilməsini təmin edəcək.
Layihəyə əsasən meydanın 0,17 hektar mərkəzi hissəsində 8 metr hündürlükdə iri metal saat qülləsinin inşası nəzərdə tutulub. Şəhərin bütün ərazisindən sakinlər saatı, eləcə də havanın temperaturunu izləyə biləcəklər.
Meydanın ərazisində əhalinin xoş istirahətini təmin etmək üçün oturacaqlar quraşdırılacaq, yaşıl örtük salınacaq, dekorativ gül və ağaclar əkiləcək.
Layihəyə əsasən, bazar ərazisində primitiv tikililərdə fəaliyyət göstərən sənətkarlar üçün yeni sənətkarlıq bazarı da yaradılacaq. “Saat meydanı”nın ətrafındakı bütün obyektlərə yeni, müasir fasad üzlüklərin vurulması da nəzərdə tutulub.

Keçidlər