Milli mətbuatımızın 140 illik yubileyi qeyd olundu
İyul ayının 22-də İsmayıllıda Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi geniş şəkildə qeyd olundu. Rayon İcra Hakimiyyətinin və “İsmayıllı xəbərləri” qəzetinin təşkilatçılığı ilə keçirilən tədbir Rayon Mədəniyyət Mərkəzində reallaşdı.
Tədbirdə RİH-nin başçısı Mirdaməd Sadıqov, hüquq- mühafizə orqanlarının rəhbərləri, şair Musa Yaqub, Baba Vəziroğlu, rayon və respublika mətbuatının bir qrup jurnalisti, digər media nümayəndələri “Dağ çiçəkləri” ədəbi məclisinin üzvləri, ictimaiyyətin nümayəndələri və fəal oxucular iştirak edirdilər.
Yubiley tədbirində milli mətbuatımızın yaranması və inkişafı, hazırda qlobal informasiya şəbəkəsinin formalaşması, mətbuata göstərilən dövlət dəstəyi, ölkə rəhbərinin bu sahəyə göstərdiyi diqqət və qayğı barədə RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Murad Məhərrəmov məruzə ilə çıxış etdi.
Şair Musa Yaqub, Baba Vəziroğlu, Dövlət qulluğu veteranı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Valeh Salehov çıxış edərək milli mətbuatımızın bu günü və sabahı barədə düşüncələrini tədbirə toplaşanlarla bölüşdülər.
Yubiley tədbirində jurnalist Bəybala Babayevin yenicə çapdan çıxmış “Tarixi yaşadanlar” kitabının təqdimat mərasimi keçirildi. Kitabın məziyyətləri barədə yazıçı Məmmədmirzə Rzayev məlumat verdi. Yazarın yeni çap olunmuş kitabı oxuculara paylandı.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bütün mətbuat işçilərini, media nümayəndələrini, jurnalistləri, digər yazarları Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubley münasibətilə təbrik etdi, onlara fəaliyyətlərində uğurlar arzuladı.
Bir qrup jurnalist RİH və “İsmayıllı xəbərləri” qəzeti tərəfindən mükafatlandırıldı.
Tədbir rayon incəsənət ustalarının konsert proqramı ilə müşayət olundu.