“Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə”
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondu ilə birgə həyata keçirilən “Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə” layihəsi çərçivəsində növbəti təlimlər İsmayıllıda həyata keçirilib. İsmayıllı rayon İcra Hakimiyyəti, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə həyata keçirilən təlimlərdə rayonun fəal gəncləri iştirak ediblər.
Layihənin əsas məqsədi gənclərin potensialnını üzə çıxararaq, onların ehtiyaclarının yetkinlik dövründə təhlükəsiz, sağlam və uğurlu keçidini təmin edəcək milli inkişaf çərçivəsinin hazırlanması prosesində nəzərə alınmasıdır.
Layihə çərçivəsində Y-Peer Azərbaycan şəbəkəsinin təlimçiləri tərəfindən 5 gün davam edən teatr-əsaslı təlimlər keçirilib. Təlimlər zamanı gənclər reproduktiv sağlamlıq, gender bərabərliyi, erkən nikah və İİVQİÇS kimi mövzular haqqında məlumatlandırılıb və təlimin sonunda əldə etdikləri biliklər əsasında teatr tamaşası hazırlayıblar. Sessiyanın sonunda bir sıra dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə gənclər sertfikatla təltif olunub. Təlim sessiyasında açıq müzakirələr zamanı sözügedən mövzular ilə bağlı iştirakçıların fikirləri toplanılıb. Səsləndirilmiş ən uğurlu təkliflər Nyu-Yorkda keçiriləcək BMT sammiti zamanı Azərbaycan Respublikasının hökuməti tərəfindən təqdim ediləcək hesabatda əks etdirilməsi məqsədilə hazırlanmış “Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə” bəyannaməsinin tərkibində Gənclər və İdman Nazirliyinə və Xarici İşlər Nazirliyinə təqdim olunacaqdır.
Xatırladaq ki, ARGTMŞ Azərbaycanın ən böyük gənclər platformasıdır. 2014-ci ildə təşkilat tərəfindən Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondu ilə birgə “Gənclərin səsi – Şərqi Avropada və Mərkəzi Asiyada bizim istədiyimiz gələcək” layihəsini həyata keçirilib. 2015-ci ilin iyul ayından kampaniyanın ikinci mərhələsi olan “Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə” layihəsi çərçivəsinə başlanılıb. Layihə çərçivəsində bugünə qədər Lənkəran şəhərində 5 gün davam edən təlimlər həyata keçirilib. Növbəti təlim sessiyasının Ağdam şəhərində keçirilməsi nəzərdə tutulub.