İsmayıllı müəllimlərin sentyabr konfransı keçirildi
08.09.2015-ci il tarixdə İsmayıllı Gənclər Mərkəzinin akt zalında rayon müəllimlərinin konfransı keçirildi.Konfrans öz işinə Azərbaycan Dövlət himninin ifa olunması ilə başlayıb. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Fərzəli Qədirov, təhsil işçiləri iştirak ediblər.
Rayon təhsil şöbəsinin müdiri Rasim Orucov 2014-2015-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzə edib.
Qeyd olunub ki, rayonun təhsil işçiləri ötən dərs ilində gənc nəslin təlim-tərbiyəsinin keyfiyyət artımına, kamil şəxsiyyət kimi formalaşmasına məsuliyyətlə yanaşıblar. Rayonda fəaliyyət göstərən 80 ümumtəhsil məktəbinin 11377 şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 1531müəllim məşğul olub. 1220 nəfər müəllim ali, 311 nəfəri isə orta-ixtisas təhsillidir.
Konfransda rayon məzunlarının ali məktəblərə builki qəbul imtahanlarında qazandıqları nəticələrdən də söhbət açılıb. Belə ki, imtahanlarda iştirak edən 557 məzunun 310-u tələbə adını qazanıb. Onlardan 51 nəfəri 500-dən, 20 nəfər isə 600 baldan yuxarı nəticə göstərib. Respublika üzrə yaxşı məktəblərin sırasına rayonun 2, 5, 6 nömrəli, Sumağallı kənd tam orta məktəbləri daxil edilmişdir.
Ötən dərs ilinin yekunlarına əsasən İvanovka kənd tam orta məktəbi “Ən yaxşı ümumtəhsil məktəbi”, altı nəfər müəllim “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. Konfransda bu diqqətəlayiq uğur kimi dəyərləndirilib.
Ruşan kənd tam orta məktəbinin direktoru Rəna Cəfərova, Mücü kənd ümumi orta məktəbinin gənc müəllimi Nərgiz Əliyeva, Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, Xankəndi kənd tam orta məktəbinin direktoru Rauf Adgözəlov, Cülyan kənd tam orta məktəbinin məzunu Taleh Ağayev və başqaları çıxış edərək qazanılan uğurlardan, qarşıda duran problemlərdən, təhsil sisteminin daha da təkminləşdirilməsi yollarından danışmışlar.
“Ən yaxşı məktəb” və “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinə vəsiqələr təqdim olunub.
Azərbaycan Respublikası Təhsil Nazirliyi İnsan Resursları Şöbəsinin müdiri fərzəli Qədirov çixiş edərək ölkə təhsilinin yüksək xətlə inkişafından İsmayıllı müəllimlərinin uzun illər formalaşmış ənənələrə əsaslanaraq əldə etdikləri uğurlardan konkret faktlar əsasında ətraflı danışıb. O, problemlərdən də yan keçməyərək qeyd edib ki, IX və XI siniflərin buraxılış imtahanlarında əldə olunan nəticələr aşağı səviyyədədir. Məktəb direktorlarının seçiminə daha diqqətlə yanaşılmalıdır.
Konfrans iştirakçıları tərəfindən diqqətlə dinlənilən çıxışında Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov dövlət təhsil siyasətinin İsmayıllıda uğurla həyata keçirilməsindən, təhsilin inkişafı üçün bütün resursların səfərbər edilməsindən, nailiyyətlərin ilbəil artmasından, müəllimlərin fədakarlıqla çalışmasından razılıqla danışıb. Sosial-iqtisadi həyatın bütün istiqamətlərinin əsasında təhsilin dayandığını qeyd edib.