Müqəddəs Qurban bayramı İsmayıllıda yüksək səviyyədə qeyd edilir
Bu gün Azərbaycanda, eyni zamanda İsmayıllıda müqəddəs Qurban bayramı dövlət səviyyəsində böyük təntənə ilə qeyd edilir. Rayon möminləri tərəfindən dini ayinlər icra olunur, dövlətimizin firəvanlığı, tərəqqisi, vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçün dualar edilir, bayram namazı qılınır. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Rayonda qaçqın, şəhid ailələri, məcburi köçkün və əlil, kimsəsiz soydaşlarımıza bu mübarək bayramı hamı ilə birgə könül xoşluğu ilə keçirmək imkanı yaradılmışdır.
Rayonda Qurban bayramı ərəfəsində təmizlik və bərpa işləri aparılmış, qurbanlıq heyvanların kəsim yeri qaydaya salınmışdır.
Ümumilikdə 108 yaşayış məntəqəsini əhatə edən 37 inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə beş minə yaxın rayon sakininə ümumi çəkisi 6 tona yaxın qurban payları verilmişdir. Bunlardan 1800 nəfəri şəhər əhalisini, 3000-dən yuxarı isə kənd və qəsəbələri əhatə etmişdir. Şəhər ərazisində 6 məntəqədən müxtəlif kateqoriyadan olan aztəminatlılarla, şəhid ailəsi və müharibə əlilləri ailələrinə, kimsəsiz vətəndaşlara RİH tərəfindən qurban payları və bayram sovqatları təqdim edilmişdir. Gün ərzində şəhərin mərkəzi meydanında musiqi səsləndirilmişdir.
Bütün ismayıllılar adından xalqımızın Qurban bayramını təbrik edir və kəsilən qurbanların Allah dərgahında qəbul olunmasını arzu edirik.