Azərbaycanın şairi Seyid Əzim Şirvaninin 180 illik yubileyi qeyd olunub
6 oktyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərancamına uyğun olaraq Rayon Mədəniyyət Sarayında Seyid Əzim 180 illik yubileyi qeyd edilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin Rayon Mədəniyyət və Turizm şöbəsi ilə birgə hazırladığı tədbirdə RİH başçısı Mirdaməd Sadıqov, RİH Aparatının işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil işçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
İlk olaraq Mədəniyyət Sarayının foyesində Seyid Əzim Şirvanin həyat və yaradıcılığına həsr olunmuş kitablar və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Yubiley mərasimində iştirak edən filologiya elmləri doktoru, proffesor, AMEA Folklor İnstitutunun əməkdaşı Seyffədin Qəniyev Seyid Əzim Şirvani ocağının doğmaları – oğul, nəvə, nəticə, kötücə, eləcə də əqidə dostları haqqında uzun illər ərzində - 30 il arxiv və doğmalarının yaddaşından əldə etdiyi tədqiqatlar haqqında maraqlı məlumatlar verib. O, “Seyid Əzim Şirvani ocağı” adlı monoqrafiyasından ibarət kitabı geniş oxucu kütləsinə təqdim edib.
Tədbirdə Rayon Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən şairin yaradıcılığından səhnələşdirilmiş kompozisiya təqdim olunub. Kompozisiya tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Sonda çıxış edən RİH başçısı Mirdaməd Sadıqov şairin maarifçilik ovqatında yazdığı əxlaqi-didaktik şeirlərin gənc nəslin vətənpərvərlik və qəhrəmanlıq ruhunda tərbiyə olunmasına həmişə faydalı təsir göstərəcəyini qeyd edib, onu da vurğulayıb ki, sənətkarın ədəbi-bədii irsi müstəqil Azərbaycan Respublikasında çağdaş dövrün tələbləri baxımından daha dərindən araşdırılmağa və öyrənilməyə layiqdir.