“İrəvan –bizim qala” layihəsi əsasında tədbir
Hər bir azərbaycanlı üçün Bakı, Gəncə, Bərdə, Şəki, Dərbənd, Naxçıvan, Təbriz, Ərdəbil şəhərləri nə qədər əzizdirsə, İrəvan şəhəri də bir o qədər əziz və doğmadır. Bu hisslərin gənc nəslə aşılanmasını, onların Vətən yaddaşının və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsini qarşıya məqsəd qoyan QHT-lər,ictimai birliklər,qurumlar yerlərdə maraqlı tədbirlərlə çıxış edirlər. İsmayıllı rayon icra hakimiyyətinin təşkilatçılığı, rayon gənclər və idman idarəsinin iştirakı ilə “bizim nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai birliyi uşaq gənclər kitabxanasının akt zalında bu sıradan daha diqqətçəkən bir toplantı keçirib.
8 oktyabr 2015-ci il tarixdə “İrəvan-bizim qala (2-ci mərhələ)” layihəsinin icrasına həsr olunmuş toplantıda 120 nəfər gənc iştirak edib.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova layihənin mənəvi dəyərindən, gənclərin vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyət kəsb etməsindən, Qərbi Azərbaycan-İrəvan haqqında məlumatlılığın artmasındakı rolundan danışıb.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri, “Bizim Nəsil” GRİA İB-nin sədri Nurəddin Mehdiyev, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Səbuhi Hüseynov layihənin mövzusuna dair müxtəlif aspektlərdən məruzə ediblər.
Sonda Qərbi Azərbaycan və Qarabağ ərazilərində olan tarixi abidələrimizin, məscidlərin, dini ocaqların keçmişini və onlara düşmənlərimizin bugünkü varvar münasibətini əks etdirən film nümayiş olunmuşdur.
İştirakçılara Qərbi Azərbaycan-İrəvan tarixini əks etdirən bukletlər paylandı.