Yaponiya səfirliyi İsmayıllıda yeni bir layihənin icrasına başladı.
Yaponiya dövlətinin maliyyə dəstəyi ilə həmin ölkənin səfirliyi 2002-ci ildən 2014-cü ilədək İsmayıllıda 13 layihə həyata keçirib. Bu layihələr daha çox insanların təhsilinin, səhiyyə xidmətinin, məişətinin, məktəbəqədər tərbiyənin, ekologiyanın qorunmasının və su təchizatının yaxşılaşdırılması ilə əlaqədardır. 9 oktyabr 2015-ci il tarixdə 14-cü layihənin-Yaponiya hökümətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində “İsmayıllının Küdmaşı kəndində su təchizatı sisteminin inşası” layihəsinin imzalanma mərasimi oldu.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşini salamladı. Qeyd etdi ki, Yaponiya hökuməti öz səfirliyi vasitəsilə İsmayıllıda çox vacib, sosial əhəmiyyət kəsb edən layihələr həyata keçirir.İsmayıllı Qafqazda ilk şəhərdir ki, Yaponiyanın İto şəhəri ilə dostluq və qardaşlıq müqaviləsi imzalayıb. Təhsil, mədəniyyət və başqa sahələrlə bağlı nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bu saziş əsasında həyata keçirilir. Bu günlərdə İto şəhərinin nümayəndələrinin İsmayıllıda və İvanovkada Yapon mədəniyyətini təqdim etməsi bayram səviyyəli, geniş miqyaslı tədbir olub. Mirdaməd Sadıqov bütün bunlara görə səfirin timsalında Yaponiya hökumətinə təşəkkürünü etdi. Səfir Tsuquo Takahaşi diqqətə, layihələrinə verdiyi dəyərə görə RİH-nin başçısı Mirdaməd Sadıqova, layihələrin icrasında fəal iştirakı olanlara təşəkkürünü bildirdi.Ehtiyac duyulan sosial layihələrə bundan sonra daha çox diqqət yetiriləcəyini, mədəniyyət və təhsillə bağlı İto şəhəri ilə İsmayıllı rayonu arasındakı işgüzar əlaqələrin daha səmərəli olacağını dedi. İto şəhərinin nümayəndə heyətinə göstərilən diqqət və qayğıya, qonaqpərvərliyə görə İsmayıllılara xüsusi razılığını çatdırdı.
RİH başçısının birinci müavini Rövşən Ağayev indiyə qədər icra olunan layihələr barədə məlumat verdi, yeni layihənin əhəmiyyətindən danışdı.
Səfir Tsuquo Takahaşi və “İsmayıllının Kürdmaşı kəndində su təchizatı sisteminin inşası” layihəsinin icraçısı, “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin sədri Rafiq İsmayılov sazişi imzaladılar.
Kürdmaşı kənd sakini, mədəniyyət və turizm şöbəsinin müdiri Azər Abbasov və kəndin ağsaqqallı Yunus Məmmədov səfirə və layihənin icraçılarına təşəkkür etdilər.
Səfirə rayon məktəblisinin rəsm əsəri hədiyyə edildi.
Sonda RİH-nin başçısı Mirdaməd Sadıqov qeyd etdi ki, Kürdmaşı kəndi İsmayıllının qapısıdır. Buranın mövcud problemlərinin həlli üçün ayrıca proqram hazırlanır. Buraya yol infrastrukturu, elektrik enerjisi təchizatı, torpaqlardan səmərəli istifadə, üzümçülüyün inkişafı, aqrar istehsal müəssisələrinin yaradılması və sair daxildir.