İsmayıllı gəncləri ilə görüş
"Gələcəyə körpü" Gənclər İctimai Birliyi Azərbaycanda fəal gənclərin iştirakını təmin etməklə, sağlam vətəndaş cəmiyyətini təsis etmək və gənclərin beynəlxalq səviyyədə ölkəmizi təmsil etməsinə yardım və gənclərin məşğulluğu sahəsində bir sıra layihə və proqramlar həyata keçirmişdir.
14 oktyabr 2015-ci il tarixdə saat 11: 00-da Tarix Diyarşünaslıq Muzeyində "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi İsmayıllı gəncləri ilə görüş keçirdi.
Tədbiri İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Rövşən Yəhyayev açaraq qonaqları İcra hakimiyyəti başçısı adından salamladı . "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin sədri Seymur Vəliyev öz növbəsində görüşün təşkilinə köməklik göstərdiyinə görə Rayon İcra Hakimiyyətinə öz təşəkkürünü bildirdi. O, çıxışında layihə haqqında ətraflı məlumat verdi.
Bildirdi ki, layihənin birinci mərhələsində nəzərdə tutulan 9 regiona (İsmayıllı rayonu, Mingəçevir şəhəri, Şəmkir rayonu, Şəki şəhəri, Sumqayıt şəhəri, Lənkəran şəhəri, Samux rayonu, Quba və Qazax rayonları) səfər ediləcək və 9 regionun gənclərinə, o cümlədən ictimaiyyətə layihə və seçim barədə məlumat veriləcək. İkinci mərhələdə isə Gəncə şəhərində -Gəncə, Şəki, Sumqayıt, Lənkəran, Quba, İsmayıllı, Mingəçevir, Samux və Şəmkir olmaqla turnirdə hər regiondan 5 nəfər və ümumilikdə 50 nəfər gəncin iştirakı gözlənilir.
Görüşdə məqsəd "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi 06-08 noyabr 2015-ci il tarixdə Gəncə şəhərində təşkil ediləcək "Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu”–nun maliyyə dəstəyi ilə “Tariximizin izi ilə” regionlararası gənclərin intellektual çempionatında İsmayıllı gəncləri sırasından iştirakçı seçmək və həmin yarışda iştiraklarını təmin etmək idi. Bu layihədə iştirak etmək üçün 5 nəfər gəncimiz layihə rəhbəri tərəfindən seçildi.
Layihənin əsas məqsədi göstərilən regionlarda olan universitet tələbələri və gənclər təşkilatlarında fəaliyyət göstərən gəncləri seçmək və “Dövlət Bayrağı Günü” –nə həsr edilmiş Azərbaycan tarixinin müxtəlif dönəmləri barədə, milli atreibutlarımız habelə milli mənəvi dəyərləri özündə ehtiva edən müxtəlif adət-ənənələrimiz barədə intellektual turniri həyata keçirməkdir.