İsmayıllıda IV Qafqaz İqtisadi Forumu keçirilmişdir
2015-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Kənd təsərrüfatı” ili elan olunması bu sahə ilə bağlı İsmayıllıda bir sıra elmi-praktik seminar, forum və konfransların keçirilməsinə şərait yaradıb. Fermer evinin tikintisi, “Gənc təsərrüfatçılar” məktəbinin təsis edilməsi, “Yaşıl market”in, istehsal gücü ildə 1000 ton olacaq hind quşu fabrikinin tikintisi, N.Nikitin adına kolxozun idarə olunması üçün yeni hüquqi əsas yaradılması, taxıl istehsalının elmi əsaslar üzərinə keçirilməsi “Kənd təsərrüfatı ili”nin tələblərindən irəli gəlib.
Azərbaycan Respubikası Kənd Təsərrüfatı Nazirliyi, İsmayıllı Rayon İcra Hakimiyyəti və Qafqaz Universitetinin 17 oktyabr 2015-ci il tarixdə birgə keçirdiyi IV Qafqaz İqtisadi Forumunun kənd təsərrüfatı iqtisadiyyatına həsr olunması məhz bu vacib sahənin elmi əsaslar üzərində sürətli inkişafını təmin etmək məqsədindən irəli gəlib. Forumdan əvvəl iştirakçılar ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
“Qala” sarayında keçirilən Forumu İsmayıllı RİH-nin başçısı, iqtisad elmləri doktoru, professor Mirdaməd Sadıqov giriş nitqi ilə açaraq, 2015-ci ildə rayonda sosial-iqtisadi, aqrar və sənaye sahələrində əldə olunan nəticələrlə iştirakçıları tanış etdi. Yaponiyanın İto şəhərindən gəlmiş qonaq “Kosuqi” Korporasiyasının prezidenti Kosuqi Saki çıxışında belə bir məclisdə iştirakından məmnunluq duyduğunu, İsmayıllının hərətərəfli inkişafda olduğunu bildirdi və Forumunun işinə uğurlar arzuladı.Qafqaz Universitetinin rektoru Ahmed Sanıç, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin baş direktoru, professor Rəsul Balayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov kənd təsərrüfatı iqtisadiyyatının müxtəlif istiqamətlərini əhatə edən çıxışlar etdilər.Professor Rəsul Balayev kənd Təsərrüfatı naziri Heydər Əsədovun Foruma təbrik məktubunu oxudu. İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyevin “Azərbaycanın strateji iqtisadi inkişafında kənd təsərrüfatının rolu” mövzusunda məruzəsi dinlənildi. Plenar iclasda daha sonra Türkiyənin Egey Universiteti kənd təsərrüfatı kafedrasının müdiri Uyğun Altsoy çıxış etdi. Forumun davamında kənd təsərrüfatı ilə bağlı Türkiyə nümunəsi, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalı, kəndinvestisiya layihələrinin inkişafı, regional kənd təsərrüfatının inkişafı problemləri,kənd təsərrüfatı inkişafının potensial imkanları, kənd təsərrüfatında kimyalaşdırmanın rolu və ekoloji problemlər,kənd təsərrüfatının maliyyə problemləri və onların həlli yolları, kənd təsərrüfatının kreditləşməsi mexanizmi və sair mövzularda praktik və nəzəri əhəmiyyət kəsb edən mühazirələr iştirakçılar tərəfindən maraqla dinlənildi.
Məruzəçilər nəzəri fikirlərini əsaslandırmaq üçün faktları “Kənd təsərrüfatı ili”ndə İsmayıllının kənd təsərrüfatı istehsalı və iqtisadiyyatı sahəsində əldə etdiyi nəticələrdən götürürdülər.
Türkiyədən, Qafqaz və Azərbaycan Texnologiyalar Universitetlərindən, Aqrar Elm Mərkəzindən gələn alimlər mövzlarını auditoriyaya yüksək professionallıq səviyyədə təqdim etdilər.
160 nəfərdən çox forum iştirakçısı bu tədbirdən növbəti ilin inkişafı üçün yerli elmi-nəzəri istiqamət götürdü.