Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 22 may tarixində 3 cütlüyün kollektiv nikah mərasimi təşkil olunub
Mərasimdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, rayonun müxtəlif qurumlarının nümayəndələri, şəhər bələdiyyəsinin əməkdaşları iştirak ediblər. Nikah mərasimində İsmayıllı rayon Qeydiyyat Şöbəsinin mütəxəssisi Rəvayət Sərdərova yeni ailə quran cütlükləri təbrik edərək, onlara nikah şəhadətnamələrini təqdim edib və xoşbəxt ailə həyatı arzulayıb.
Tədbir zamanı şəhər bələdiyyəsi tərəfindən yeni ailə quran cütlüklərə hədiyyələr təqdim olunub.
Rayonda son illərdə ilk dəfə keçirilən belə bir mərasim yeni ailə quran şəxslərin bir-birinə inam, sevgi və qarşılıqlı anlayış əsasında möhkəm təməl üzərində qurulmasına töhfə vermək məqsədi daşıyır. Belə təşəbbüslər ailə institutunun möhkəmlənməsinə xidmət edir. Qeyd olunub ki, bu cür sosial əhəmiyyətli tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkli çəkdirilib.
Mərasimdən sonra cütlüklər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birgə təşkil etdiyi “Ailə həyatına hazırlıq” təliminə qatılıblar.






