Antiterror əməliyyatları zamanı şəhid olan Cahan Xəqani oğlu Qasımovun qız övladı dünyaya gəlib
İsmayıllı rayonundan olan Antiterror əməliyyatları zamanı şəhid olan Cahan Qasımovun 19 fevral 2024-cü il tarixində qız övladı dünyaya gəlib. Körpəyə Zərifə adı verilib.
22 fevral 2024-cü il tarixində doğum evindən evə yola salınan şəhidimizin ailəsini xəstəxana önündə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin və İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktorları qarşılayıblar.
Şəhid ailələri və müharibə iştirakçıları hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. İsmayıllı Rayon İcra Hakimiyyəti şəhid övladlarını diqqətdə saxladığı kimi yeni doğulan körpə balamızı da daim qayğı ilə əhatə edəcəkdir.
Qeyd edək ki, Qasımov Cahan Xəqani oğlu 19.03.2001-ci ildə İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub. 2007-2018-ci illərdə orta təhsilini Qalınçaq kənd məktəbində alıb. Məktəbi bitirdikdən sonra 2019-cu ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra yenidən orduya qayıdaraq müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib. 2023-cü ilin 19 sentyabr tarixində baş verən antiterror əməliyyatı zamanı Xocavənd istiqamətində gedən döyüşlər zamanı yaralanmış və ərazidə köməksiz vəziyyətdə qalmışdır. Daha sonra Cahan tapılaraq Hərbi hospitala yerləşdirilmişdir. 10 gün davam edən müalicələr nəticə verməmiş, oktyabr ayının 1-də müalicə aldığı klinikada vəfat etmişdir. Qalınçaq kənd qəbiristanlığında dəfn edilmişdir. Qasımov Cahan ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.