Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun təbriki

12 noyabr 2022 | 09:58

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 27 il ötür. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.

Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar Respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ümummilli lider Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

Milli Konstitusiyamızın qəbul edilməsindən sonrakı dövr ərzində Milli Məclis tərəfindən ölkə həyatının bütün sahələrini əhatə edən, dünya standartlarına cavab verən bir sıra qanunlar qəbul edilmişdir. Azərbaycan Respublikası bir sıra beynəlxalq konvensiyalara qoşulmuş, Avropa Şurasına üzv qəbul olmuşdur.

Azərbaycanın hər bir vətəndaşı yeniləşən həyatımızın bütün sahələrində Konstitusiyanın müəyyən etdiyi prinsiplərin və başlıca müddəaların ardıcıl və tam surətdə tətbiq olunmasına böyük məsuliyyət hissi ilə kömək göstərməlidir.

Əziz həmvətənlər, Sizi Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə müstəqil və bütöv Azərbaycanın güclənməsi və tərəqqisi yolunda uğurlar arzulayıram.

Keçidlər