Azərbaycan Respublikasının Prezidenti, YAP sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib
Oktyabrın 6-da Yeni Azərbaycan Partiyasının (YAP) İsmayıllı rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti, YAP sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Tədbir xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. İştirakçılar abidənin önünə gül dəstələri düzüblər. Sonra Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qurultaydan irəli gələn vəzifələrə dair məruzə ilə YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov çıxış edib. O, oktyabrın 2-də Bakıda keçirilən VIII Qurultayda Prezident İlham Əliyevin səsləndirdiyi fikir və tapşırıqların rayon təşkilatı qarşısında yeni vəzifələr qoyduğunu bildirib.
Qeyd edib ki, dövlət başçısı çıxışında bir neçə mühüm istiqamətə toxunub. Birincisi, Azərbaycanın hərbi qələbələrini öz imkanları ilə qazandığı vurğulanıb. Bu, ölkənin müstəqil siyasətinin və öz gücünə arxalanmasının ifadəsi kimi dəyərləndirilib. İkincisi, Prezident xarici himayədarlığı rədd edən mövqe nümayiş etdirib. Bu mövqeyə görə Azərbaycan suveren dövlət kimi qərarlarını yalnız milli maraqlar əsasında qəbul edir. Üçüncü məsələ isə ideoloji işlə bağlıdır. Prezident YAP üzvlərinə ideoloji işdə daha fəal olmağı tapşırıb. Bu baxımdan partiya üzvlərinin, xüsusilə ərazi təşkilatlarının əhali ilə sıx təmasda olması, düzgün və operativ məlumatlandırma aparması əsas vəzifələrdən biri kimi önə çəkilib.
Rayon təşkilatının sədri bildirib ki, bu vəzifələr ərazi təşkilatlarının gündəlik fəaliyyətinə, vətəndaşlarla işə, gənclərin partiya sıralarına cəlb olunmasına və yerli problemlərin operativ həllinə də aiddir.
Məruzədən sonra YAP təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov çıxış edərək bildirdi ki, Cənab Prezident, partiyamızın sədri İlham Əliyevin qurultaydakı çıxışı bizim qarşımızda həm keçmiş illərin yekununu, həm də gələcək üçün konkret vəzifələri qoyur. Qurultay bizdən yalnız çıxışlarla deyil, real işlə cavab gözləyir. Rayon təşkilatları vətəndaşların müraciətlərinə həssas yanaşmalı, onların problemlərinin həllində fəal iştirak etməli, gəncləri partiya fəaliyyətinə cəlb etməlidir. Qurultay sənədlərinin hər bir ərazi təşkilatında geniş müzakirə olunması və mənimsənilməsi də mühüm şərtdir. Bu gün Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri aparır, regionda söz sahibi olan dövlət kimi çıxış edir. Bu nailiyyətlər Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və xalqın dəstəyinin nəticəsidir. Bizim vəzifəmiz bu dəstəyi daha da möhkəmləndirmək, əldə edilən uğurları qorumaq və inkişaf etdirməkdir.
Daha sonra Qurultay nümayəndələsi olmuş İsmayıllı Rayon Mərkəzi Xəstəxanası Ərazi Partiya Təşkilatının sədri Vidadi Rəhimov, İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin direktoru Kəmalə Süleymanlı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov və Rayon Ağsaqqallar Şurasının sədri Balakişi Xudiyev çıxış ediblər.
Natiqlər YAP-ın bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırdığını deyiblər. Qurultay sənədlərinin ərazi təşkilatlarında geniş müzakirə olunmasının, Prezidentin irəli sürdüyü vəzifələrin yerli səviyyədə uğurla icrası üçün birgə fəaliyyətin vacibliyi də vurğulanıb.
Müşavirə iştirakçıları partiyanın ərazi təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, əhali ilə təmasın artırılması və qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi barədə fikir mübadiləsi aparıblar.






