Beynəlxalq Ailə günü münasibətilə İsmayıllı rayonunun Talıstan və İvanovka kəndlərində uzunömürlü ailələrlə görüş keçirilib
Beynəlxalq Ailə günü ilə bağlı görüş keçirilib 15 may tarixdə İsmayıllı Rayon icra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Ailə günü münasibətilə İsmayıllı rayonunun Talıstan və İvanovka kəndlərində uzunömürlü ailələrlə görüş keçirilib.
Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Rayon Təhsil Sektorunun əməkdaşı Hafiz Kərimov, Mərkəzin direktoru Lətifə Əliyeva, Talıstan və İvanovka kəndlərinin İnzibati ərazi dairəsi üzrə nümayəndələri, orta təhsil müəssisələrinin müəllim və şagirdləri iştirak ediblər. İlk öncə tədbir iştirakçıları Talıstan kənd sakinləri 65 il birgə ömür sürən, 9 övlad sahibi, 14 nəvə, 3 nəticəsi olan əmək veteranı Əhmədovların ailəsində oldular.
Bir övladı birinci Qarabağ müharibəsində şəhid olan Əkrəm və Hənifə Əhmədovlar onları ziyarətə gələn qonaqlara öz təşəkkürünü bildirmiş, gənclərə təhsilin önəmi haqqında və ailə dəyərləri ilə bağlı öz tövsiyələrini çatdırıblar.
Daha sonra iştirakçılar “malakanlar” adlanan etnik xalqın yaşadığı tarixi İvanovka kəndinin sakinləri 5 oğul sahibi Belyakovların ailəsində oldular. Görüş zamanı Nikolay və Polina Belyakovlar ailə dəyərlərindən, keçdikləri ömür yolu barəsində fikirlərini iştirakçılarla bölüşüblər. İvanovka kənd tam orta məktəbinin şagirdləri kolxozun qabaqcıl mexanizatorlarından olmuş Nikolay Belyakovun iş həyatından danışıblar, o zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan Heydər Əliyevlə görüşlərindən, rəhbərin ona televizor hədiyyə etməsindən maraqlı məqamlara toxunublar. Sonda hər iki ailələrə gül dəstələri və hədiyyələr təqdim olunub.