Bir ovuc təbəssüm, bir dünya işıq
Bu gün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Günün əsas məqsədi dünya ictimaiyyətinin diqqətini uşaqların müharibə təhlükəsindən qorunmasına, sağlamlıqlarının mühafizəsinə, onların təhsil və tərbiyəsinin demokratik ənənələr əsasında qurulmasına yönəltmək olan bu əlamətdar tarix 1949-cu ildən başlayır. Həmin il qadınların beynəlxalq demokratik federasiyasının Moskvada keçirilən növbəti sessiyasında 1 iyunun Uşaqları Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilməsi qərara alınıb və o vaxtdan da hər il geniş qeyd edilir.
İsmayıllıda da hər il olduğu kimi bu il də 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub. Rayonun ümumtəhsil məktəblərində, bağçalarında həmçinin rayonun Heydər Əliyev adına parkında balaca fidanların və ibtidai sinif şagirdlərinin iştirakı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir təşkil olunub.
Təşkil olunan tədbirdə balacalar bir-birindən maraqlı rəqslər və mahnılarla məharətlərini göstəriblər.
Məlumat üçün bildiririk ki, park ərazisində olan atraksionlar gün boyu təmanasız olaraq uşaqların istifadəsinə verilib.
Bayram günündə ucqar kəndlərdə yaşayan uşaqlar da yaddan çıxmayıb. Onların bayramını təbrik etmək üçün RİH-in əməkdaşı kəndlərdə olub, uşaqları kiçik hədiyyələrlə sevindirib.
Dünya sizin gülüşlərinizlə gözəl, əziz uşaqlar. Bu gün sizin gününüzdür, gününüz mübarək!