BOKT “Caspian İnvest” MMC-nin İsmayıllı filialı fəaliyyətə başlayıb
İsmayıllıda kənd təsərrüfatının inkişafına maliyyə dəstəyi imkanları genişlənir.
İsmayıllı rayonunda sahibkarlığın inkişafı, kənd təsərrüfatı ilə məşğul olan fermerlərin və kiçik sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində növbəti addım atılıb. Bank olmayan kredit təşkilatı (BOKT) “Caspian İnvest” MMC-nin İsmayıllı filialı fəaliyyətə başlayıb.
Filialın fəaliyyətə başlaması münasibətilə keçirilən tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin rəsmi nümayəndəsi iştirak edib.
İsmayıllı rayonu kənd təsərrüfatının inkişafı üçün əlverişli potensiala malik bölgələrdəndir. Rayonda əkinçilik, heyvandarlıq, arıçılıq və bağçılıq sahələrində fəaliyyət göstərən fermer təsərrüfatlarının, ailə təsərrüfatlarının və kiçik sahibkarlıq subyektlərinin maliyyə xidmətlərinə əlçatanlığının artırılması mühüm əhəmiyyət daşıyır.
BOKT “Caspian İnvest” MMC-nin yeni filialının fəaliyyətə başlaması yerli sahibkarların maliyyə imkanlarının genişləndirilməsinə, kənd təsərrüfatı və digər sahibkarlıq sahələrinin inkişafına dəstək göstərilməsinə töhfə verməyi hədəfləyir.
Təşkilat tərəfindən müştərilərin xidmətlərə çıxışını asanlaşdırmaq məqsədilə “Cash10” mobil tətbiqi də istifadəyə verilib. Tətbiq vasitəsilə müştərilər kredit müraciətlərini elektron qaydada göndərə, kredit tarixçələrini izləyə və müqavilələri “SİMA İmza” vasitəsilə məsafədən imzalaya bilərlər. Bu imkanlar müştərilərə vaxta qənaət etməyə və maliyyə xidmətlərindən daha rahat yararlanmağa şərait yaradır.
Qeyd edək ki, BOKT “Caspian İnvest” MMC Azərbaycan Respublikası Mərkəzi Bankının 28 sentyabr 2004-cü il tarixli, 164-QB nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.
Şirkətin təqdim etdiyi məlumata əsasən, son üç il ərzində 40 mindən artıq müştəriyə ümumilikdə 62 milyon manatdan çox kredit dəstəyi göstərilib.
Yeni filialın fəaliyyətə başlaması İsmayıllı rayonunda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və maliyyə xidmətlərinin əlçatanlığının artırılması baxımından əhəmiyyətli addımdır.






