Bu gün — 15 iyun Azərbaycanın müstəqillik tarixinin ən əhəmiyyətli günlərindən biri, Milli Qurtuluş Günüdür
Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.
1993-cü il iyun ayının 15-də Azərbaycan xalqının istəyi ilə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını öz üzərinə götürdü. Xalqımızın əzimkar mübarizəsini əks etdirən həmin gün xalqımız tərəfindən əsil qurtuluş tarixi, qurtuluş günü kimi qeyd olunur.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu gün müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.
Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində 30 ildən sonra işğal altında olan tarixi torpaqlarımıza qovuşduq. Müstəqilliyimizin bərpası, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən vətən fədailərimizi, öz qanları ilə tarixin səhifəsinə əbədi həkk olunanları heç zaman unutmayacağıq.
Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
Hörmətli həmvətənlər,
Sizi müstəqil dövlətçilik tariximizin xilası olan 15 İyun-Milli Qurtuluş Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.