Bu gün-17 İyun Tibb işçilərinin peşə bayramı münasibətilə İsmayıllı Rayon Mərkəzi xəstəxanasında tədbir keçirilib
İlk öncə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov xəstəxana rəhbərliyi və kollektivi ilə birgə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Daha sonra tədbir RMX-nın akt zalında davam edib. Giriş sözləri ilə tədbiri açan xəstəxananın direktoru Vidadi Rəhimov həkim və tibb heyətini peşə bayramı münasibətilə təbrik edib, əhalinin sağlamlığının qorunmasında yorulmadan fəaliyyət göstərən bu şərəfli peşə sahiblərinə müvəffəqiyyətlər arzulayıb. Direktor Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə səhiyyəsində baş verən inkişaf və nailiyyətlərdən söz açıb.
Daha sonra RİH başçısının müavini Sevil Əhmədova rayon rəhbərliyi adından həkimləri və tibb işçilərini təbrik edərək onlara ən xoş arzularını çatdırıb. Sevil Əhmədova xəstəxananın həkim-cərrahı Həsənpaşa Paşayevə 70 illik yubileyi və səhiyyədəki səmərəli fəaliyyətinə görə RİH başçısının Təşəkkürnaməsini təqdim edib. Eyni zamanda RMX-dakı səmərəli fəaliyyətinə görə fərqlənən 35 həkim və tibb işçisi xəstəxana rəhbərinin Fəxri Fərmanı ilə təltif edilib. Sonda xatirə şəkilləri çəkilib.