Bu gün Azərbaycanda Energetiklər Günüdür
Azərbaycan energetikləri 20 oktyabrı öz peşə bayramları günü kimi qeyd edirlər. Bu tarix Azərbaycanın həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar bir hadisəyə əsaslanır. 1981-ci il oktyabrın 20-də “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci enerji bloku Ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi isə milli energetika salnaməmizin daha bir şanlı səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.
Energetiklər Günü münasibətilə bu sahədə çalışanları təbrik edir, onlara həyat və fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq. Əminik ki, Azərbaycan energetikləri üzərlərinə düşən şərəfli missiyanı bundan sonra da ləyaqətlə davam etdirəcəklər.