Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab Prezident İlham Əliyevin İsmayıllı rayonuna XII səfəri

27 may 2025 | 10:55

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsmayıllı rayonuna səfər edib. 

Səfər çərçivəsində Prezident İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış oldu, Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllı şəhərində inşa olunan internat tipli “Talıstan” liseyinin binası və “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsinin  açılışında iştirak etdi.

Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik olmaqla paytaxt Bakını İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa magistral hesab edilir. Respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin tapşırığına əsasən layihələndirilib.

1296 şagird yerlik “Talıstan” liseyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunub. Dörd mərtəbədən və 5 korpusdan ibarət binada 56 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, informatika, texnologiya, gənclərin çağırışaqədərki hazırlıq kabinetləri, kitabxana, 300 yerlik akt zalı, idman zalı və yeməkxana yaradılıb. Bu layihənin icrası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində təhsil sahəsinə ayrılan diqqətin göstəricisidir. Cənab Prezidentimizin təhsilə göstərdiyi yüksək qayğı və diqqət hər birimizi çox qürurlandırır. Yaradılan bu imkanlardan səmərəli istifadə etmək və savadlı gənc nəsil yetişdirmək isə bizim ən vacib vəzifəmizdir.

İsmayıllı rayonunun Topçu kəndində yerləşən “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin yeni istehsal müəssisəsi 15 hektar ərazidə inşa edilib və illik 165 milyon litr istehsal gücünə malikdir. Layihənin investisiya dəyəri 80 milyon manatdır. Beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən müəssisədə 100-dən çox yerli sakin daimi işlə təmin olunub. Bu, “Coca-Cola Bottlers” MMC-nin ölkəmizdə ikinci istehsal müəssisəsidir. İsmayıllı rayonunda belə bir istehsal müəssisəsinin açılması bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, sənaye potensialının reallaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Yeni müəssisənin açılması istehsalın lokallaşdırılmasını, texnologiya transferini və idxalın əvəz edilməsini stimullaşdırır.

Səfər çərçivəsində dövlətimizin başçısına son illərdə rayonda həyata keçirilən sosial-iqtisadi layihələr, o cümlədən 2020-2025-ci illərdə istifadəyə verilən istehsal müəssisələri və istirahət mərkəzləri barədə məlumat verildi. Ölkəmizin turizm mərkəzlərindən biri olan İsmayıllı rayonu son illərdə sürətlə inkişaf edib. Azərbaycan Prezidentinin İsmayıllıya hər səfəri rayonun ictimai-siyasi həyatında mühüm hadisəyə çevrilməklə, yeni sosial-iqtisadi inkişaf mərhələsinin təməlini qoyub. Bütün bunlar rayonda aparılan tikinti-quruculuq işlərinin, məhsul buraxılışının, sənaye və kənd təsərrüfatı məhsulunun həcmində, yeni iş yerlərinin açılmasında özünü aydın göstərir.

Keçidlər