Cənab Prezidentin müəyyən etdiyi strateji hədəflərin icrası aqrar sahənin inkişafında yeni imkanlar açır
İsmayıllı rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsinə həsr olunmuş Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirə keçirilib.
Müşavirədə Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov, aidiyyəti dövlət qurumlarının nümayəndələri, fermerlər və sahibkarlar iştirak edib.
Tədbirdə ölkə başçısı cənab İlham Əliyevin aqrar sahənin inkişafı ilə bağlı müəyyən etdiyi strateji hədəflər, verilmiş tapşırıqlar və Dövlət Proqramının icrası istiqamətində görüləcək işlər geniş müzakirə olunub. Qeyd edilib ki, kənd təsərrüfatında məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi, su ehtiyatlarından səmərəli istifadə, emal sənayesinin inkişafı və ərzaq təhlükəsizliyinin gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Müşavirədə çıxış edərək bildirilib ki, cənab Prezident tərəfindən müəyyən edilmiş tapşırıqların yerinə yetirilməsi istiqamətində rayon rəhbərliyi olaraq üzərimizə düşən vəzifələrin icrasını daim diqqət mərkəzində saxlayacağıq. Dövlət qurumları, fermerlər və sahibkarlarla birgə fəaliyyət göstərərək aqrar sahənin inkişafına, yeni istehsal və emal imkanlarının yaradılmasına, kənd yerlərində məşğulluğun artırılmasına və əhalinin rifahının yüksəldilməsinə töhfə verməyə çalışacağıq.
Qeyd edilib ki, İsmayıllı rayonu kənd təsərrüfatının müxtəlif sahələri üzrə böyük potensiala malikdir. Bu potensialdan daha səmərəli istifadə olunması, innovativ yanaşmaların tətbiqi və dövlət dəstəyi mexanizmlərindən maksimum faydalanılması qarşıdakı dövrün əsas prioritetlərindən olacaqdır. İvanovka kəndində inşa olunan süd emalı zavodunun regionda süd məhsulları və yağ istehsalının genişlənməsinə mühüm töhfə verəcəyi də vurğulanıb.
Fermerlərə və sahibkarlara müraciət edərək onları Dövlət Proqramının yaratdığı imkanlardan fəal istifadə etməyə, məhsuldarlığın artırılması, yeni istehsal sahələrinin yaradılması və ölkəmizə idxal olunan məhsulların yerli istehsalının genişləndirilməsi istiqamətində daha fəal çalışmağa çağırılıb.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrası nəticəsində rayonumuzun aqrar potensialı daha da güclənəcək, fermerlərimizin gəlirləri artacaq və İsmayıllı ölkənin aqrar inkişafına bundan sonra da mühüm töhfələr verməyə davam edəcəkdir.






