Şriftin ölçüsü :

Saytın rəngi :

Cənubi Qafqazda ekoloji əməkdaşlıq: Tbilisidə regional görüş

28 iyul 2026 | 10:11

Gürcüstanın Tbilisi şəhərində “Cənubi Qafqazda Eko-dəhlizlər Proqramı III” (Eco-Corridors Programme in the Southern Caucasus III) çərçivəsində regional görüş keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Faxtiyev Azərbaycan nümayəndə heyəti ilə birlikdə İsmayıllı Rayon İcra Hakimiyyətini təmsil edib.

Görüşdə Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri, beynəlxalq təşkilatların və ekoloji qurumların təmsilçiləri biomüxtəlifliyin qorunması, təbii ekosistemlərin mühafizəsi, ekoloji dəhlizlərin inkişafı və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Eco-Corridors Programme Cənubi Qafqazda biomüxtəlifliyin qorunmasına, ekoloji dəhlizlərin formalaşdırılmasına, nadir növlərin mühafizəsinə və yerli icmaların ekoloji təşəbbüslərə cəlb edilməsinə xidmət edən mühüm regional proqramdır.

Regional görüş zamanı proqramın əvvəlki mərhələlərində əldə olunan nəticələr, həyata keçirilmiş layihələr və növbəti mərhələ üzrə prioritet istiqamətlər müzakirə olunub.

Qeyd edilib ki, proqram çərçivəsində Azərbaycanda, o cümlədən İsmayıllı rayonunda biomüxtəlifliyin qorunması, Qafqaz zubrlarının təbii areallarına qaytarılması və populyasiyasının genişləndirilməsi, eləcə də Müdrü və Qalacıq kəndlərində icma əsaslı ekoloji layihələrin həyata keçirilməsi istiqamətində mühüm işlər görülür.

Rayonda həyata keçirilən ekoloji layihələrə göstərilən dəstəyə və səmərəli əməkdaşlığa görə WWF təşkilatına və WWF Azərbaycan nümayəndəliyinə təşəkkür ifadə olunub.

İsmayıllı Rayon İcra Hakimiyyəti bundan sonra da ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və dayanıqlı inkişaf istiqamətində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verməyə davam edəcəkdir.

Keçidlər